Azərbaycan tarixini hər bir vətəndaş bilməlidir FOTO

Azərbaycan tarixini hər bir vətəndaş bilməlidir FOTO

Azərbaycan tarixi fənni bütün ixtisas qrupları üzrə qəbul imtahanlarına salınsın. Bu təklif "Azərbaycan tarixi fənn aylığı" çərçivəsində Sabunçu rayonunda yerləşən Elxan Misirxanov adına 71 saylı məktəbdə MİRAS İctimai Birliyinin təşkil etdiyi mədəni irs seminarında səslənib. SİA-nın məlumatına görə, təklifi MİRAS İctimai Birliyinin İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Rəşad İbrahimov səsləndirib. O qeyd edib ki, Azərbaycan tarixini bu ölkənin hər bir vətəndaşı öyrənməli, bilməlidir.

Bakı şəhəri üzrə Təhsil İdarəsi ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, fənn müəllimlərinin, şagirdlərin, dərnək rəhbərlərinin tədris prosesində və sinifdənxaric tədbirlərdə yaradıcı fəaliyyətinin səviyyəsinin öyrənilməsi və təbliği, eləcə də sinifdənxaric tədbirlərin təşkili məqsədilə 2012-ci ilin dekabrını "Azərbaycan tarixi fənn aylığı" elan edib. MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi də öz məqsədləri ilə üst-üstə düşən bu tədbirlərin təşkilində yaxından iştirak etməyi qərara alıb. İctimai birlik dekabrın 17-dən başlayaraq Bakı şəhərinin müxtəlif rayonlarında yerləşən orta məktəblərdə mədəni irs seminarlarına start verib.

İlk seminarda "Azərbaycan tarixinin aktual məsələləri" mövzusunda çıxış edən Rəşad İbrahimov məktəblilərin tarix elminə marağının artmasına səbəb olacaq bir sıra məqamlara toxunub.

Daha sonra seminarda MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli çıxış edib. Orta əsr Ağsu şəhərində aparılan işlərlə məktəbliləri vizual görüntülər vasitəsilə tanış edən F. Xəlilli hər kəsi Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksini ziyarət etməyə dəvət edib.

Tədbirdə məktəblilər də çıxış ediblər. Onlar Azərbaycana, onun atributlarına, tarixinə, coğrafiyasına olan sevgilərini hazırladıqları kompazisiya ilə nümayiş etdiriblər.

Məktəblilər həmçinin MİRAS İctimai Birliyinin təkil etdiyi Azərbaycan tarixinə aid eksponatlardan ibarət sərgiyə, gənc dulusçu Xalid Şabanovun hazırladığı keramika sərgisinə, Ebru mütəxəssisi Vüsal Qaraqaşlının təqdimatında Ebru sənətinə də böyük maraq göstəriblər.

Dekabrın 18-də Yasamal rayonundakı İlqar İbrahimov adına 167 saylı və Nizami rayonundakı 129 saylı məktəblərdə də MİRAS İB-nin təşkilatçılığı ilə mədəni irs seminarları keçirilib.

Ağsu arxeoloji ekspedisiyasının qazıntılar zamanı aşkarladığı qədim əşyalardan ibarət sərgi və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin Orta əsr Ağsu şəhərində aparılan işlərlə bağlı çıxışı bu məktəblərdə də böyük maraqla qarşılanıb.

Nizami rayonu 129 saylı məktəbdə tarix elmləri doktoru, professor Kamil İbrahimov "Qədim Bakı-İçərişəhər" mövzusunda təqdimat-çıxış edib.

Məktəbin direktoru Samir Mehdizadə yalnız məktəblilərin deyil, müəllimlərin də mədəni irs seminarından faydalandıqlarını vurğulayıb.

Seminar MİRAS Musiqi Qrupunun çıxışı ilə tamamlanıb.

Qeyd edək ki, "Azərbaycan tarixi fənn aylığı" çərçivəsində mədəni irs seminarları Bakı şəhərinin digər rayonlarında da davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə