İmişli RİH-nin başçısı haqda yazılanlar qərəz və böhtandır

İmişli RİH-nin başçısı haqda yazılanlar qərəz və böhtandır

Son günlər bəzi kütləvi informasiya vasitələrində İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin guya keçmiş spiker, Açıq Cəmiyyət Partiyasının sədri Rəsul Quliyevlə yaxınlaşması, onun partiyasının İmişli rayon şöbəsinin yaradılmasına şans yaratması və həmin partiyaya maliyyə yardımı ayıracağını vəd etməsi barədə müxtəlif məzmunlu yazılar dərc edilməkdədir.

SİA-nın müxbiri məsələyə aydınlıq gətirmək üçün İmişli rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətindən bildiriblər ki, kütləvi informasiya vasitələrində bu barədə dərc olunan materiallar tamamilə yalan və böhtandır. Belə ki, Açıq Cəmiyyət Partiyasının İmişli rayon şöbəsi mövcud deyildir və belə bir şöbəsinin yaradılması istiqamətində heç bir iş görülməmiş və bu məqsədlə hazırlıq işləri aparılmır. Rayon İcra Hakimiyyəti başçısı Vilyam Hacıyevin keçmiş spiker Rəsul Quliyevlə heç bir bağlılığı və yaxınlığı olmayıb və bu gün də onunla heç bir əlaqəsi yoxdur. Belə yalan məlumatların müxtəlif internet saytlarında dərc olunması kimlərinsə subyektiv maraqlarına xidmət etməklə əsası olmayan böhtan xarakterli məlumatlardır. İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin işgüzar nüfuzunu, şərəf və ləyaqətini ləkələyən yalan və böhtan xarakterli məlumatları dərc edən kütləvi informasiya vasitələrinə qarşı yaxın günlərdə məhkəmədə qanunvericiliyin tələblərinə uyğun olaraq iddia qaldırılacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə