AXCP yas yerini müşavirə kimi təqdim edib

AXCP yas yerini müşavirə kimi təqdim edib

AXCP-nin internet portalında 16 dekabr 2012-ci il tarixdə AXCP Hacıqabul rayon şöbəsinin müşavirə keçirdiyi haqda məlumat yerləşdirilib. Rayon İcra Hakimiyyəti isə verilmiş məlumatla əlaqədar bildirib ki, 16 dekabrda AXCP rayon şöbəsinin rayonda heç bir rəsmi iclası keçirilməyib. SİA-nın əməkdaşı məsələyə aydınlıq gətirmək üçün Hacıqabul rayon icra hakimiyyəti başçısının birinci müavini İlqar Talıbovla əlaqə saxlayıb.

İ.Talıbov verdiyi məlumatda bildirib ki, saytda yer alan foto şəkillər iclas zalında yox, AXCP üzvü, hazırda Şirvan şəhərində yaşayan Heydərov Kamil Əzizxan oğlunun anasının yas mərasimində çəkilib. Yas mərasimində iştirak edənlərin bildirdiyinə görə, yasa Bakıdan və qonşu kəndlərdən bir neçə nəfər qonaq gəlmib. Həmin mərasimdə AXCP-nin fəaliyyətindən, onun guya cəmiyyətdə nüfuzunun artmasından, bu səbəbdən ona çox sayda adamların üzvlük üçün müraciətlər etməsindən heç bir söhbət getməyib. Yolverilməz haldır ki, milli mentalitetimizə zidd olaraq yasa qonaq şəklində gəlmiş partiyanın bəzi funksionerləri buradakı bəzi ailələrin üzvlərini bir yerə (qadın və uşaqlarla birgə) toplayıb onların foto şəkillərini çəkərək keçirilən dini mərasimdən siyasi məqsədləri üçün istifadə ediblər.

AXCP funksionerləri bu dəfə də özlərinin ağa-qara demək ənənəsinə sadiq qalaraq guya əhalinin sosial vəziyyətinin ağırlığını, Kür çayının daşması nəticəsində zərər çəkənlərə kompensasiyaların verilməməsini, adamların qanunsuz olaraq işdən çıxarılmasını, soyuq qış günlərində hələ də kəndlərə qaz verilməməsini diqqətə çatdırıblar.

Məlumat üçün bildiririk ki, Kür çayının daşqınına məruz qalmış Meyniman kəndində son 2 ildə zərər çəkmiş ailələr üçün 72 yeni ev tikilib, 19 evdə bərpa-gücləndirmə işləri aparılıb, 158 nəfərə kompensasiya verilib. Bu istiqamətdə görülən işlər davam etdirilir.

Hacıqabul rayonunun bütün yaşayış məntəqələrinin qazlaşdırılması başa çatmaq üzrədir. Bu gün rayon mərkəzi və 19 kənd fasiləsiz olaraq təbii qazla təmin olunur. 10 yaşayış məntəqəsində isə qaz çəkilişi yekunlaşmaq üzrədir.

"Qətiyyətlə deyə bilərik ki, xırda məlumatda bu qədər uydurma və qara yaxmaların yer alması əslində xalq arasında nüfuz və dayaqlarını itirmiş AXCP-ni gündəmdə saxlamağa göstərilən növbəti cəhddən başqa bir şey deyildir", - deyə icra başçısının birinci müavini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə