Dağlıq Qarabağ problemi türk mediasında

Dağlıq Qarabağ problemi türk mediasında

Millət vəkili Qənirə Paşayeva Giresunda Türkiyənin TRT, Anadolu Agentliyi, CİHAN, İHA televiziya və agentliklərinin bir sıra mətbuat orqanlarına, Giresun televiziya və qəzetlərinə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müsahibə verib. SİA-nın məlumatına görə, millət vəkili Qənirə Paşayeva müsahibəsində və jurnalistlərin suallarına cavab olaraq bildirib ki, beynəlxalq təşkilatlar və ictimaiyyət 1 milyon azərbaycanlı qaçqın və məcburu köçkünün 20 ildən artıqdır ki, Ermənistan tərəfindən tapdalanmaqda davam edən haqlarına biganə yanaşmamalı, qaçqın və məcburi köçkünlərin öz evlərinə dönə bilməsi üçün səyləri və Ermənistana bu istiqamətdə təzyiqləri artmalıdır. O, bildirib ki, beynəlxalq təşkilatlar və ictimaiyyət tərəfindən belə bir təzyiqin olmaması səbəbindən Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində heç bir addın atmır. Millət vəkili Qənirə Paşayeva Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları barədə danışaraq bildirib ki, bu gün bu cür addımlar davam edir. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında etnik təmizləmə aparmaqla yanaşı, bu gün də həmin ərazilərdə azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələri tamamilə dağıdır. Bu bir vandalizm aktıdır və Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlıların izlərini silmək kimi bir vəhşiliklə məşğuldur deyən, millət vəkili Q. Paşayeva Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında hətta azərbaycanlılara məxsus qəbirstanlıqları belə dağıtdığını vurğulayıb.

O, bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında KİV-lərin televiziyaların, agentliklərin, qəzetlərin üzərinə böyük məsuliyyət düşdüyünü deyib. KİV-ləri bu istiqamətdə həssaslığı daha da artırmağa çağırıb. Ermənistanın dinc azərbaycanlılara qarşı törətdiyi soyqırımın bütün dünyaya çatdırılması və tanıdılması istiqamətində harada yaşamasından asılı olmayaraq bütün türklər, Türk dünyası birgə çalışmalı və səylərini daha artırmalıdır.

Q. Paşayeva həmçinin bildirib ki, bu soyqırımı törədənlərin öz layiqli cəzalarını alması, dünyanın bu soyqırımı pisləməsi və tanınması istiqamətində bütün Türk dünyası o cümlədən onların kütləvi informasiya vasitələri birgə fəal iş aparmalı və səyləri daha da birləşdirməliyik. "Xocalı Soyqırımını unutmayacağıq və unutdurmayacağıq" şüarının vacibliyini qeyd edən millət vəkili Q.Paşayeva bu soyqırımın Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında Türk KİV-lərinin də üzərinə böyük vəzifələr düşdüyünü bildirib. Millət vəkili 2015-ci ilə doğru ermənilərin özlərinin qondarma erməni soyqırımı iddiaları ilə bağlı daha da aktivləşəcəyini və bunun artıq ciddi şəkildə hiss olunduğunu bildirib.

Qondarma erməni soyqırımına qarşı mübarizədə Türk Dünyası KİV-nin üzərinə böyük vəzifələr düşdüyünü vurğulayan millət vəkili, jurnalistlərimiz də daxil olmaqla hər bir insanımızı qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması istiqamətində fəal mübarizəyə çağırıb. Bunula yanaşı millət vəkili Q.Paşayeva jurnalistlərin suallarına cavab olaraq Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində son vəziyyətlə də bağlı məlumatlar verib.

"Biz Azərbaycan olaraq sülh, barış istəyirik. Biz istəyirik ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını sülh yolu ilə boşaltsın, tərk etsin. Amma təəssüf ki, Ermənistan bu sülhün yaranması üçün heç bir addım atmır. Biz bu münaqişənin tezliklə sülh yolu ilə həll olunmasını istəyirik. Çünki torpaqlarımız işğal altındadır və 1 milyon insan öz evinə dönə bilmir. Düşünün, əgər siz atanızın, ananızın, övladınızın qəbrini 20 il ziyarət edə bilməsəniz, evinizi 20 ildə bir dəfə də olsa görə bilməsəniz hansı faciəvi hisslər yaşayarsınız? Bu barədə düşünmək belə sizin üçün çətin olacaq. Təbii ki, biz münaqişənin həllini istəyən tərəfik, amma Ermənistanda münaqişənin sülh yolu ilə həlli istiqamətində heç bir addım atmamaqla bölgədə vəziyyəti daha da gərginləşdirir"-deyə, xanım vəkil sözlərinə əlavə edib.

Giresun Universitetinin rektoru Aygün Attar da bu istiqamətdə öz fikirlərini junralistlərlə paylaşıb və onların suallarını cavablandırıb.

Qeyd edək ki, Qənirə Paşayeva Giresun Universitetinin rektoru Aygün Attar tərəfindən xüsusi diplomla mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə