ASAIF: “Freedom House” qaçqınların haqqını niyə nəzərə almır"

ASAIF: “Freedom House” qaçqınların haqqını niyə nəzərə almır"

Xarici Ölkələrdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu bəyanat verib

ASAIF-dən SİA-ya verilən məlumata görə, bəyanatda deyilir: "Hər zaman ayrı-ayrı qrupların sifarişi ilə fəaliyyət göstərən mənbələrin verdiyi məlumatlar əsasında hazırlanan “Freedom House”-un bu dəfəki hesabatı da digərlərindən fərqlənmədi. Azərbaycanın hərtərəfli inkişafı və beynəlxalq nüfuzunun artmasına qısqanclıqla yanaşan bəzi xarici dairələr, təşkilatlar ölkəmizin reallıqlarını təhrif etmək, onunla bağlı beynəlxalq aləmdə yanlış rəy formalaşdırmaq cəhdlərini davam etdirirlər. Son dövrlərdə Azərbaycanın beynəlxalq səviyyədə humanitar forumlara, mədəniyyət və idman yarışlarına ev sahibliyi etməsi ölkəmizi sevməyənləri qıcıqlandırır və onlar bu kimi yalan məlumatlar ötürməklə həmin hesabatları hazırlayan təşkilatların, o cümlədən “Freedom House”-un da obyektivliyini şübhə altına salırlar.

Bu təşkilatın hesabatlarında Azərbaycanda baş vermiş müxtəlif hadisələr şişirdilir və guya Azərbaycanda insan haqlarının pozulmasını təsdiq edən “faktlar” kimi təqdim olunur.

Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsində qeyd olunur ki, din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Lakin “Freedom House” təşkilatının Azərbaycanda din azadlığının məhdudlaşdırmasını hicab məsələsini qabartması ilə sübuta yetirməyə çalışması bir daha onun qərəzli mövqeyini əks etdirir. Buna misal olaraq 2004-cü ildən bəri məktəblərdə nəinki hicabı, bütün digər dini geyimləri və simvolları da qadağan edən Fransanı tamamilə azad ölkə hesab etməsini göstərə bilərik.

Azərbaycan 2001-ci ildən İnsan Hüquqları üzrə Avropa Konvensiyasına qoşulmuşdur. Rəsmi məlumata görə Azərbaycanda 2.800-dək qeyri-hökumət təşkilatı dövlət qeydiyyatına alınmış və bu QHT-lər müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərirlər. Bu gün QHT-lərin, o cümlədən gənclər sahəsində fəaliyyət göstərən QHT-lərin fəaliyyətinə dövlət qayğısı mövcuddur. Ölkə əhalisinin sosial şəbəkələrdən tam sərbəst istifadəsi, internet qəzet və televiziyaların sayının artması, rəsmi rəqəmlərə görə 4500-dən çox mətbu nəşrlərin olması Azərbaycanda söz və fikir azadlığının qorunmasından xəbər verir. Bir faktı da qeyd edək ki, Azərbaycanda facebook istifadəçilərinin sayı artıq bir milyona çatmış və bu göstərici ilə ölkəmiz Gürcüstan və Ermənistanı xeyli qabaqlamışdır. “Freedom House”-un hələ 2011-ci ildə dünya ölkələrində internetin vəziyyəti ilə bağlı hesabatında hətta Beynəlxalq Telekommunikasiya Təşkilatının Azərbaycana dair statistikasını məqsədli şəkildə təhrif etməsi və bu yaxınlarda Bakıda keçirilən 7-ci İnternet İdarəçiliyi Forumunda iştirak edən qonaqların, təşkilatçıların Azərbaycandakı internet azadlığına verdiyi rəyləri nəzərə almaması bu təşkilatın mövqeyində ikili standartların və ölkəmizə qarşı antipatiyanın olmasının açıq təzahürüdür.

Hesabatda ən çox ziddiyyət doğuran məqamlardan biri də Azərbaycanın “qeyri-azad”, Ermənistanın isə “qismən azad” ölkə kimi göstərilməsidir. Görünür, bu gün insan azadlıq və hüquqlarının pozulması və məhz bu səbəbdən get-gedə daha çox insanın Ermənistandan getməsi faktı hesabatı hazırlayanların nəzərindən qaçmışdır. Buna cavab olaraq, biz “Freedom House”-u Azərbaycanın qaçqın və məcburi köçkün vətəndaşlarının düşdüyü duruma nəzər salmağa və insanların yaşamaq hüquqlarını pozan bir ölkəni “qismən azad” göstərməsinə yenidən baxmağa dəvət edirik.

Bütün xəbərlər Facebook səhifəmizdə