BMT-də erməni nümayəndənin iradı qəbul edilmədi

“BMT və GUAM arasında əməkdaşlıq” adlı qətnamə qəbul edilib
BMT-də erməni nümayəndənin iradı qəbul edilmədi

BMT Baş Assambleyasında (BA) bir sıra qətnamə layihələri qəbul edilib. Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna adından "BMT və Demokratiya və İqtisadi İnkişaf Təşkilatı - GUAM arasında əməkdaşlıq" adlı qətnamə layihəsini təqdim edən Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev bildirib ki, mövcudluğunun 15 ili ərzində GUAM demokratiya və iqtisadi inkişafın təşviq olunmasına çalışan tam təsisatlanmış regional təşkilata çevrilib.

Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin yaydığı məlumata görə, A.Mehdiyev 2004-cü ildə GUAM-ın BMT-də müşahidəçi status əldə etməsindən sonra təşkilatla BMT katibliyi arasında əməkdaşlığın inkişaf etdiyini, qətnamə layihəsinin qəbul edilməsinin bu əməkdaşlığı daha da gücləndirəcəyini və region ölkələrində sülh, sabitlik və inkişafa töhfə verəcəyini qeyd edib.

Daha sonra qətnamə layihəsi yekdilliklə BA-da qəbul edilib. Bundan sonra çıxış edən Ermənistanın BMT yanında daimi nümayəndəsi qətnamə layihəsi ilə bağlı danışıqların guya şəffaf surətdə keçirilmədiyini bildirib. O, eyni zamanda mövzuya heç bir aidiyyəti olmadan Azərbaycanın Ermənistana qarşı iqtisadi təcrid siyasəti apardığını qeyd edib. Ermənistan tərəfinin məsələni lüzumsuz yerə siyasiləşdirməsindən sonra cavab hüququ ilə çıxış etməyə məcbur olan A.Mehdiyev layihə ilə danışıqların əksinə şəffaf şəkildə aparıldığını, Ermənistan diplomatlarının da orada iştirak etdiyini, lakin heç bir qeyd və təkliflə çıxış etmədiklərini vurğulayıb, Ermənistanın Azərbaycanla bağlı səsləndirdiyi fikirlərin yalan və iftira olduğunu, onun Azərbaycan ərazilərini işğal etdiyini, həmin ərazilərdə etnik təmizləmə siyasəti apardığını qeyd edib.

Qətnamədə eyni zamanda onun müddəalarının həyata keçirilməsi ilə bağlı BMT Baş katibindən BA-nın 69-cı sessiyasına müvafiq hesabat təqdim edilməsi xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə