"Azəryolservis" vəziyyətə tam nəzarət edir

24 min kubmetr qum, 1900 ton texniki duz ehtiyyatı yaradılıb
"Azəryolservis" vəziyyətə tam nəzarət edir

Azərbaycan Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-də qərargah yaradılıb və 24 saat ərzində fəaliyyət göstərən növbətçi briqadalar təşkil olunub. Bunu SİA-ya açıqlamasında "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, təşkil olunmuş operativ növbətçilər sutka ərzində yollardakı vəziyyətlə bağlı və görülən işlərlə bağlı mütəmadi məlumatlar qeydə alınır: "Lazım olan ərazilərdə təxirə salınmaz tədbirlər həyata keçirilir. Dünən gecədən başlayaraq səhər saatlarına qədər Bakı-Quba-Rusiya avtomobil yolunda aidiyyatı yol istismarı idarələri tərəfindən lazımı işlər həyata keçirilib. Qarın yağması nəticəsində ağır tonajlı yük avtomobillərinin hərəkəti ilə bağlı müəyyən çətinliklər yaranmışdı. Artıq ötən gecədən başlayaraq səhər saatlarınadək bütün bu problemlərin hər biri aradan qaldırılıb. Masallı, Yardımlı, Lənkəran, Lerik Ağsu və bir çox yerlərdə lazımi tədbirlər həyata keçirilib. Demək olar ki, respublikanın bütün ərazilərində avtomobil yolları işlək vəziyyətindədir. Qeyd edim ki, ümumi istifadə də olan avtomobil yolları və Bakı şəhərinin avtomobil yolları prospekt və küçələr üzrə 24 min kubmetdən artıq qum, 1900 ton texniki duz ehtiyyatı yaradılıb. Bununla belə 2950-ə yaxın yol texnikası və maşın mexanizmlər hazır vəziyyətə gətirilib".

P.Mürsəliyev həmçinin ötən həftənin sonu Böyük-Şor-Hava Limanı avtomobil yolunda "Azəryolservis" ASC-nin yeni tikilmiş qış qarajı haqqında da məlumat verib: "Həmin kompleksə inzibati bina, işçilərin istirahət yeri, qum və teniki duzun saxlanılması üçün anbar eləcə də maşın və mexanizmlər üçün xüsusi yer və s. daxildir. Bütövlükdə həmin sahə işıqlandırma sistemi ilə təchiz edilib. Həmin ərazidə də 24 saat ərzində fəaliyyət göstərən növbətçi briqadalar var".

Bütün xəbərlər Facebook səhifəmizdə