Millət vəkili Qənirə Paşayevanın Giresun Universitetində müəllim və tələbələr qarşısında Dağlıq Qarabağ problemi ilə bağlı geniş çıxışından və çağırışından sonra tələbələr virtual məkanda "Köçkün düşmüş Azərbaycanlılar öz evlərinə dönsün!" adlı beynəlxalq kompaniyaya başlayıblar. SİA-nın məlumatına görə, universitet müəllimləri və tələbələr qarşısında çıxışında millət vəkili Qənirə Paşayeva Ermənistanın 20 ildən artıqdır ki, haqlarını kobud şəkildə pozmaqda davam etdiyi azərbaycanlı qaçqın və məcburi köçkünlər, Dağlıq Qarabağ problemi və qondarma erməni soyqırımı iddaları ilə bağlı geniş çıxış edib.
Millət vəkili Qənirə Paşayeva Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları barədə danışaraq bildirib ki, Ermənistanın azərbaycanlılara qarşı törətdiyi soyqırımın bütün dünyaya çatdırılması və tanıdılması istiqamətində harada yaşamasından asılı olmayaraq bütün Türklər, Türk dünyası birgə çalışmalı və səylərini daha artırmalıdırlar: "Xocalı soyqırımı Türklərə qarşı törədilmiş bir soyqırım olaraq bütün Türk dünyasının problemidir", – deyən millət vəkili "bu soyqırımı törədənlərin öz layiqli cəzalarını alması, dünyanın bu soyqırımı pisləməsi və tanınması istiqamətində bütün Türk dünyası fəal iş aparmalıdır", – deyib.
"Xocalı Soyqırımını unutmayacağıq və unutdurmayacağıq" şüarının vacibliyini qeyd edən millət vəkili Qənirə Paşayeva bu soyqırımın, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında türk gənclərinin üzərinə böyük vəzifələr düşdüyünü bildirib. Millət vəkili deyib ki, "qondarma erməni soyqırımı"na qarşı mübarizə harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanının vəzifəsidir. Millət vəkili Qənirə Paşayeva Türk gəncliyini qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması istiqamətində daha fəal mübarizəyə çağırıb.
Millət vəkili Q. Paşayeva Azərbaycan, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə daha geniş çatdırılması, qondarma "erməni soyqırımı" yalanlarına qarşı mübarizədə gənclərin üzərinə böyük vəzifələr düşdüyünü deyib və sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə çağırıb. "Hər kəsin sosial şəbəkələrdə çoxlu xarici dostları var. Onlarla ünsiyyətdə Azərbaycan, Qarabağ həqiqətləri barədə müəyyən məlumatlar vermək imkanına malik oluruq", – deyən millət vəkili gəncləri bu istiqamətdə daha fəal olmağa çağırıb.
Millət vəkili Qənirə Paşayeva tələbələri virtual məkanın imkanlarından geniş istifadə etməyə səsləyib və bu məkanın gücündən necə istifadə edərək daha güclü təbliğat aparma yollarından danışıb. Bu cağırışdan dərhal sonra Giresun Universitet tələbələri öz təşəbbüsləri ilə virtual məkanda "Köçkün düşmüş Azərbaycanlılar öz evlərinə dönsün!" adlı beynəlxalq imzatoplama kompaniyasına başlayıblar və bütün beynəlxalq təşkilatlara, ATƏT-in Minsk Qrupu, Avropa Birliyi, Avropa Şurası rəsmilərinə və üzvlərinə müraciət ünvanlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB