Stokholmda Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) və Azərbaycan-İsveç Federasiyasının (AFİ) təşkilatçılığı ilə "Azərbaycan həqiqətləri" mövzusunda kitab sərgisi keçirilib. Sərgidə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, Qaradağlı faciəsindən bəhs edən, həmçinin ölkəmizin tarixi və bu günü barədə kitablar nümayiş olunub.
Sərginin keçilməsində məqsəd həm bu ölkədə yaşayan soydaşlarımızı, həm də İsveç ictimaiyyətini Azərbaycan həqiqətləri, ölkəmizin bugünkü inkişafı, turizm imkanları barədə məlumatlandırmaq olub.
Tədbirdə çıxış edən AFİ-nin rəhbəri Səttar Sevigin sərginin əhəmiyyəti barədə iştirakçılara məlumat verib, Azərbaycandan uzaqda yaşayan soydaşlarımızda ölkəmiz haqqında təsəvvürlərin formalaşmasında belə sərgilərin təşkilinin vacibliyini diqqətə çatdırıb. AFİ rəhbəri bildirib ki, dünya ictimaiyyətinə Azərbaycan reallıqlarının, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatların çatdırılması hər bir azərbaycanlı üçün prioritet olan məsələlərdən biridir: "Bu işdə xaricdə yaşayan soydaşlarımızın üzərinə böyük məsuliyyət düşür. Azərbaycanlıların yaşadığı faciələri, Xocalı soyqırımını dünyaya çatdırmaq bizim ümdə vəzifəmizdir. Bunun üçün isə ilk növbədə dəqiq faktlara və sənədlərə əsaslanan kitablara, fotoşəkillərə və filmlərə böyük ehtiyac vardır. Azərbaycanda bununla bağlı kifayət qədər ədəbiyyat olsa da, ölkədən kənarda yaşayan həmvətənlilərimizin bu nəşrləri əldə etməsində bəzən çətinliklər yaranır".
S.Sevigin rəhbərlik etdiyi Federasiyanın AzərTAc-la birlikdə həyata keçirdiyi layihənin nəticəsi olaraq Bakıdan gətirilən Heydər Əliyev Fondunun nəşr etdiyi kitab və bröşürlərin, həmçinin Azərbaycan tarixi, dili, turizm imkanları və bugünkü inkişafını əks etdirən nəşrlərin İsveçin aparıcı kitabxanalarında yerləşdirildiyini bildirib. AFİ rəhbəri bu layihənin gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu deyib, bu təşəbbüsün həyata keçirilməsində verdiyi dəstəyə görə AzərTAc-ın rəhbərliyinə təşəkkürünü bildirib.
Tədbirdə çıxış edənlər də layihənin təşkilatçılarına təşəkkürlərini bildirib, İsveçdə yaşayan azərbaycanlıların, xüsusən də uşaqların məlumatlandırılmasında belə təşəbbüslərə böyük ehtiyac olduğunu vurğulanıb. Bildirilib ki, Azərbaycan reallıqlarını özündə əks etdirilən bu kitablar Stokholmda fəaliyyət göstərən kitabxanalara çatdırılacaqdır.
Sonda sərgiyə baxış keçirilib, tədbir iştirakçılarına Azərbaycanın milli şirniyyatları təqdim edilib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB