Sərnişindaşıma departamenti vaqonların istilik sistemlərini yoxlayır

Sərnişindaşıma departamenti vaqonların istilik sistemlərini yoxlayır

"Azərbaycan Dəmir Yolları" QSC artıq qışa hazırlıq mövsümünə start verib. Bu hazırlıq müddətində sərnişindaşıma departamenti vaqonların istilik sistemlərini yoxlayırlar ki, soyuq havalarla əlaqədar hər hansı bir çətinlik meydana gəlməsin. Bunu SİA-ya Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin mətbuat xidmətinin rəhbəri Nadir Əzmmədov qış mövsümü ilə əlaqədar qatarlarların hərəkətində yarana biləcək məsələlərə aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, bu həm ölkə daxilində hərəkət edən qatarlara, həm də beynəlxalq istiqamətdə hərəkət edən qatarlara aiddir: "Artıq biz bu işləri başa çatdırmışıq. Bundan əlavə isə infrastruktur departamenti vardır ki, onlar da qarlı yollarda təmizlik işləri aparırlar və reyslər arası məsamaləri yoxlayırlar. Məlumdur ki, havaların soyuq keçməsi ilə əlaqədar reyslər arasında, eləcə də elektrik naqillərində daralmalar baş verir. Bu tənzimləmə prosesi isə artıq yekunlaşıb".

N.Əzməmmədov deyir ki, sərnişindaşıma departamenti vaqon parkının yenilənməsi istiqamətində bir çox addımlar atır: "Ukraynanın "Dnepetrovsk" təmir zavoduna əlli ədəd vaqon göndərilib. Artıq bunun on beş ədədi təmir olunaraq ölkəmizə gətirilib. Həmin qatarların özləri Bakı-Gürcüstan istiqamətində hərəkət edir".

İdarə sözçüsü həmçinin soyuq hava şəraiti ilə əlaqədar Bakı-Tbilisi-Qars dəmir yolunda görülmüş işlərə də aydınlıq gətirib: "Bütün işlər qrafik üzrə davam etdirilir. Hazırda Qarsdan Axalkalaki istiqamətində 6 kilometr yol qoyulub və bu yolun yaxın zamanlarda birləşməsi gözlənilir. Soyuqlarla əlaqədar qiymətlərdə heç bir artım olmayacaq. Çünki bütün bunları Tarif Şurası özü müəyyənləşdirir".

Mətbuat xidmətinin rəhbəri sonda onu da sözlərinə əlavə edib ki, bayramqabağı qatarlara əlavə vaqonlar qoşulacaq ki, bu da başlıca olaraq sərnişin sıxlığı ilə əlaqədardır.

Bütün xəbərlər Facebook səhifəmizdə