Prezident üç görüş keçirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün bir sıra görüşlər keçirib. SİA-nın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, dövlət başçısı öncə Böyük Britaniya parlamentinin üzvü Nik de Buanı qəbul edib.

Nik de Bua Böyük Britaniyanın Baş naziri Devid Kemeronun salamlarını və məktubunu dövlətimizin başçısına çatdırıb. Məktubda Böyük Britaniya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb, ölkələrimizin qeyri-neft, biznes, ticarət sahələrində əməkdaşlığının daha da genişləndirilməsinə dair məsələlər əksini tapıb.

Nik de Bua Baş nazir Devid Kemeronun Azərbaycanı Böyük Britaniya üçün çox vacib tərəfdaş ölkə hesab etdiyini deyib. O, Baş nazir Devid Kemeronun Prezident İlham Əliyev ilə XXX London Yay Olimpiya Oyunları zamanı görüşünü məmnunluqla xatırladığını deyərək bu yarışlarda Azərbaycan idmançılarının uğurlar qazanmasının önəmini vurğulayıb. Nik de Bua 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi münasibətilə Devid Kemeronun təbriklərini də dövlətimizin başçısına çatdırdı və ilk Avropa Olimpiya Oyunlarının Bakıda uğurla keçiriləcəyinə əminliyini ifadə edib.

Dövlətimizin başçısı öz növbəsində Böyük Britaniyanın Baş naziri Devid Kemeronla XXX London Yay Olimpiya Oyunları zamanı görüşünü məmnunluqla xatırladıb. Azərbaycan ilə Böyük Britaniya arasında uzunmüddətli tarixi əlaqələrin mövcud olduğunu deyən Prezident İlham Əliyev əməkdaşlığımızın bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.

Dövlətimizin başçısı ikitərəfli əlaqələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, təhlükəsizlik və digər sahələrdə gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini bildirib. Prezident İlham Əliyev Devid Kemeronun salamlarına və məktubuna görə minnətdarlığını bildirib, onun da salamlarını Böyük Britaniyanın Baş nazirinə çatdırmağı xahiş edib.

Sonra Prezident İlham Əliyev Çin Xalq Respublikasının Siyasi Konsultativ Şurasının Ümumçin Komitəsinin sədr müavini Bay Liçenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycanla Çin Xalq Respublikasının dost dövlətlər olduğunu vurğulayan Prezident İlham Əliyev ikitərəfli əməkdaşlığımızın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib və ölkələrimizin dostluq və tərəfdaşlıq əlaqələrini davam etdirmək əzmində olduğunu deyib. Dövlətimizin başçısı Çin şirkətlərinin Azərbaycana olan marağının önəmini qeyd edib. Enerji sektorunda əməkdaşlığın razılıq doğurduğunu vurğulayan Prezident İlham Əliyev nəqliyyat sahəsində də əlaqələrin yaxşı perspektivlərə malik olduğunu deyib. Dövlətimizin başçısı Çin Xalq Respublikasının Siyasi Konsultativ Şurasının Ümumçin Komitəsinin sədr müavini Bay Liçenin Azərbaycana səfərinin ölkələrimiz arasında mövcud dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Bay Liçen Çin Xalq Respublikasının Sədri Hu Szintaonun və Çin Kommunist Partiyasının baş katibi Si Cinpinin salamlarını dövlətimizin başçısına çatdırıb. Azərbaycan ilə Çin arasında dostluq əlaqələrinin uzun tarixə malik olduğunu vurğulayan Bay Liçen bu səfərin Çin Xalq Respublikasının Siyasi Konsultativ Şurasının Ümumçin Komitəsi ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əlaqələrin və xalqlarımızın arasında dostluq münasibətlərinin daha da genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.

Dövlətimizin başçısı Hu Szintaonun və Si Cinpinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Çin Xalq Respublikasının Sədrinə və Çin Kommunist Partiyasının baş katibinə çatdırmağı xahiş edib.

Azərbaycan Prezidentinin növbəti görüşü Bolqarıstanın keçmiş Prezidenti Georgi Pırvanovla olub. Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə