Nəhayət gözlədiyimiz qar Bakını öz ahuşuna aldı. Düzdür, hələlik boranlı qış deyil, ancaq indidən qarın fəsadları özünü göstərir. Necə deyərlər, "Qış gəldi, dərd gəldi" deyimi neçə illərdən bəri öz aktuallığını qorumağı bacarır. Hər kəs bu ifadəni öz probleminə uyğun səsləndirə bilər. Belə ki, sakinlərin çoxu gecədən işıqlarının yanmaması və ya qazlarının təzyiqinin aşağı düşməsindən şikayətlənir.
Aidiyyəti dövlət qurumları qışa hazır olduqlarını desələr də, qar yağanda onların "hazırlığı"nın şahidi oluruq. Qarın küçələrdən yığışdırılması günlərlə vaxt aparır. Halbuki Rusiya, Türkiyə, Almaniya və Amerika kimi dövlətlərdə qar yağanda küçələr elə təmizlənir ki, heç bir çətinlik-filan baş vermir.
Azərbaycan hökuməti əhalinin kommunal sektordakı tələbatını tam ödəməyə hazır olacaqmı? Elə paytaxt sakinləri də ölkənin elektrik enerjisi, istilik və qaz təsərrüfatı müəssisələrinin qışa hazırlıq tədbirlərindən narazıdırlar.
Paylayıcı şəbəkə olan "Bakıelektrikşəbəkə" qışda elektrik təchizatında problemlərin olmayacağını vəd edir. "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev açıqlamasında bildirdi ki, fərdi şəkildə heç kim qurumumuza şikayət etməyib: "İşıqla bağlı heç bir problem yoxdur. Bütün işçi qrupumuz iş başındadır. Hava şəraitindən asılı olmayaq abonentlər hər hansı bir problemlə rastlaşsalar, o zaman 199 saylı telefona zəng edə bilərlər".
"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Araz Ağayev isə qeyd etdi ki, havaların soyuması ilə bağlı rayonlara verilən qazın həcmi artırılıb: "Bu istər Bakı şəhərinə, istərsə də regionlara şamil olunub. Bu günə Bakı şəhərinə 13,8 milyon, regionlara isə 9,5 milyon kub metr qaz verilib".
Sakinlərin ən çox şikayət etdiyi qaz təzyiqinin niyə aşağı düşməsi sualına isə qurum rəsmisi belə cavab verib: "Qaz təzyiqinin aşağı düşməsinin soyuq hava ilə əlaqəsi yoxdur, çünki bu lokal xarakter daşıyır. Bir sözlə, qurumumuz qışa tam hazırdır".
Təbii ki, bu mövsümdə yaşanan ən vacib problemlərdən biri də su sayğaclarının donması və evlərə verilən istilik sistemləridir. Elə ki qar yağdı və bir az da şaxta oldu, deməli sayğacların donması qaçılmazdır. Bina evlərində yaşayanlar isə istilik sistemlərinin işləməməsindən narazı olurlar. Bu məsələ ilə bağlı "Azərsu" Açıq Səhmdar Cəmiyyəti və "Azəristiliktəchizat" ASC ilə əlaqə saxlamaq cəhdlərimiz boşa çıxdı. Çünki zənglərimizə cavab verilmədi.
Sonda isə yalnız bir cümlə kifayət edər. Qar yağsa, həm biz, həm də bu idarələr batacaq. Odur ki, nə qədər gec deyil, işinizi yoluna qoyun, cənablar!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB