Həmrəylik günü Ulu Öndərin adı ilə bağlıdır

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün təsis edilməsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda başlayan milli-azadlıq mübarizəsinin ən gərgin vaxtında Heydər Əliyev dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşdirilməsinin Azərbaycanın gələcəyi üçün tarixi və strateji önəm daşıdığını uzaqgörənliklə müəyyən etdi. Həmin dövrdə Heydər Əliyev tərəfindən irəli sürülmüş azərbaycançılıq ideyası Azərbaycanın dünya birliyinə inteqrasiyasının təməl sütunlarından birini təşkil etməyə başladı. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il, dekabr ayının 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisi "Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında" tarixi qərarı qəbul etdi. Bu qərara əsasən, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edildi.

Beləliklə, dünyanın 70-dən yuxarı ölkəsinə səpələnən 50 milyondan çox azərbaycanlı vahid azərbaycançılıq ideyası ətrafında birləşdirilməsinin və milli diasporumuzun formalaşdırılmasının əsası qoyuldu.

1992-ci ildə Azərbaycan parlamenti dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi günü kimi qeyd olunmasına dair qərar qəbul etdi. 1993-cü ildə isə Azərbaycan Prezidentinin fərmanı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü kimi rəsmi bayram élan edilib.

31 dekabr Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. Ulu öndər Heydər Əliyev azərbaycançılıq ideyasının dünya azərbaycanlılarının həmrəyliyinin təmin edilməsində güclü diaspor təşkilatının formalaşdırılmasına və onların Azərbaycan dövləti ətrafında daha sıx birləşməsinin vacibliyinə diqqəti cəlb edərək 2001-ci il noyabr ayının 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayında dediyi: "Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Öz ürəyimdən gələn fikirləri bir daha bildirmək istəyirəm ki, hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!!!",- dahiyana fikirləri hər gün daha çox önəm daşıyır.

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə dünyanın bütün yerlərində yaşayan soydaşlarımızı təbrik edir, onlara hər bir sahədə uğur, 2013-cü ildə gündən-günə çiçəklənən Azərbaycan dövləti ətrafında sıx birləşməyə çağırıram.

Araz YAĞUBOV,

"Yaşıl çay" jurnalının təsisçısi

Bütün xəbərlər Facebook səhifəmizdə