“Xocalı Soyqırımı” Hollandiyada

“Xocalı Soyqırımı” Hollandiyada

Hollandiya parlamentində dinləmələrdə ASAIF fəalı iştirak edib

Ötən həftə İnsan hüquqları günü çərçivəsində, Hollandiya Krallığının Haaqa şəhərində yerləşən parlamentində Azərbaycan diasporasının "Xocalı Soyqırımı" haqqında tədbiri keçirilib. ASAIF-dən SİA-ya verilən məlumata görə, tədbirdə millət vəkilləri Qənirə Paşayeva, Adil Əliyev, Dünya Türk və Azərbaycan Qadınları Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının əlaqələndirmə şurasının sədri Orxan Əkbərov, eyni zamanda ASAIF-in Belçika və Hollandiya Krallıqları üzrə koordinatoru Musa Həsənov və digər dəyərli qonaqlar iştirak ediblər.

Müzakirə olunan mövzu isə çox açıq və aydın idi: "Ermənistanın Dağlıq Qarabağı işğalı və Azərbaycan xalqına qarşı edilən təcavüz".

Çıxış edənlər sırasında şura sədri Orxan Əkbərov, tədbir iştirakçılarını son zamanlarda gördüyü işlər haqqında bir qədər məlumatlandırdı. O, İcma tərəfindən bu istiqamətdə görüləcək işlər barədə ətraflı məlumat verdi və həmçinin müxtəlif parlamentlərdə də eyni mövzuların qoyulacağını bildirdi.

Musa Həsənov isə öz çıxışında tədbir iştirakçılarının diqqətini məhz Xocalı soyqırımına yönəltdi və Xocalı soyqırımının törədildiyi 26 fevral 1992-ci ildən sonra, 1993-cü ildə BMT-nin qəbul etdiyi 4 qətnamənin erməni dövləti tərəfindən bu günə qədər tapdalandığını tədbir iştirakçılarının nəzərinə çatdırdı.

Bir sıra çıxışlardan sonra tədbir iştirakçılarının sualları cavablandırıldı və mövzu interaktiv şəkildə geniş müzakirə olundu.

Bütün xəbərlər Facebook səhifəmizdə