“İRƏLİ” bəyanat verdi

Biz -"İRƏLİ" İctimai Birliyinin üzvləri "Freedom House" təşkilatının 2012-ci il dünyada azadlıq hesabatında Azərbaycanla bağlı göstərilən müddəaların reallıqdan uzaq olduğunu bəyan edir və bu sənədin qərəzli şəkildə hazırlandığını əminliklə bildiririk.

Əslində bu cür hesabatlar insan və vətəndaş hüquq və azadlıqlarının vəziyyətini düzgün əks etdirməli, demokratiya və hüququn aliliyi prinsiplərinin qorunmasına xidmət etməlidir. Hesabatın əhatə etdiyi dövrdə insanların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində atılan addımlar dərin təhlil edilməli və yekun nəticə hesabatda yer almalıdır. Nəzər saldıqda görərik ki, 2012-ci ildə Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması istiqamətində əhəmiyyətli işlər görülüb. Son bir il ərzində ölkədə 2 əfv fərmanı imzalanıb və bunun nəticəsində 128 nəfər azadlığa buraxılıb. Bu dövr ərzində vətəndaşların hüquqlarının təmin edilməsi məqsədilə elektron xidmətlərin tətbiqi gücləndirilib və hazırda Azərbaycan vətəndaşları bütün dövlət orqanlarına birbaşa olaraq elekton müraciət etmək, elektron xidmətlərdən istifadə etmək imkanlarına malikdirlər.

Qeyd edilən dövrdə kütləvi informasiya vasitələrinin azad və sərbəst fəaliyyət göstərməsi üçün hərtərəfli şərait yaradılmış, dövlətlə jurnalistlər arasında əməkdaşlıq gücləndirilmişdi. "Siyasi partiyalar haqqında" Qanuna edilmiş dəyişikliklərlə Azərbaycanda fəaliyyət göstərən partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi mümkün olub və artıq növbəti ildən bu işə start veriləcək.

Təəssüf ki, Azərbaycan vətəndaşlarının öz torpaqlarında azad yaşamaq hüququnun işğalçı Ermənistan tərəfindən pozulması hesabatda öz əksini tapmayıb. Ermənistanda keçirilən son seçkilərin bir teatr tamaşası olmasını isə biz deyil, ATƏT-in rəsmi müşahidə missiyası təsdiq edib. Bu ölkədə son bir il ərzində insanların hüquq və azadlığı istiqamətində vəziyyət daha da pisləşsə də, nədənsə hesabatı hazırlayanlar ya bu faktı görməyib, ya da qəsdən görmək istəməyiblər.

Bildiririk ki, açıqlanan hesabatın arxasında Azərbaycana təzyiq etmək və ölkənin imicinə kölgə salmaq niyyəti dayanır. Azərbaycana qarşı daim öz qərəzli mövqeyi ilə seçilən "Freedom House" təşkilatının bu işinə bəzi maraqlı dairələr və siyasi qüvvələr də dəstək göstərirlər.

Biz "İRƏLİ" İctimai Birliyinin üzvləri olaraq, "Freedom House" təşkilatını ədalətli olmağa, proseslərə obyektiv yanaşmağa çağırırıq. Əldə edilən informasiyaları daha dəqiq mənbələrdən əldə etməyi tövsiyə edirik və obyektiv informasiyanın əldə edilməsi istiqamətində "Freedom House" təşkilatına istənilən dəstəyi göstərməyə hazır olduğumuzu bildiririk.

Bütün xəbərlər Facebook səhifəmizdə