“İşğaldan sonra Şuşa və Xankəndi şəhərləri yenidən tikiləcək”

“İşğaldan sonra Şuşa və Xankəndi şəhərləri yenidən tikiləcək”

Prezident İlham Əliyev: "Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəndən sonra hazırda işğal altında olan bütün ərazilər gözəl, abad yerlərə çevriləcək"

"Füzulinin bərpası, işğaldan azad edilmiş torpaqların inkişafı, burada görülən işlər Azərbaycan dövlətinin gücünü göstərir. Onu göstərir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəndən sonra hazırda işğal altında olan bütün ərazilər də belə gözəl, abad yerlərə çevriləcək. Bütün yaşayış məntəqələri, bütün kəndlər, o cümlədən Şuşa və Xankəndi şəhərləri Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra qurulacaq, yenidən tikiləcək və Azərbaycan vətəndaşları orada yaşayacaqlar. Hər birimiz öz işimizlə o tarixi günü yaxınlaşdırırıq. Çünki ölkəmizin artan qüdrəti, beynəlxalq nüfuzu, ölkədə gedən müsbət proseslər bizim gücümüzü artırır". Bunu Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyəti ilə görüşündə deyib. Dövlət başçısının sözlərinə görə, bu gün Azərbaycan beynəlxalq müstəvidə söz sahibidir, böyük hörmətə malik olan ölkədir.

Prezident xatırladıb ki, bu yaxınlarda Azərbaycan Qoşulmama Hərəkatına üzv olub və dərhal bu təşkilatın birinci zirvə görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çox dəyərli qətnamə qəbul edilib: "Orada göstərilir ki, bu məsələ yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Yəni, bizim beynəlxalq nüfuzumuz, iqtisadi gücümüz artır, hərbi potensialımız da artır. Ermənistana gəldikdə isə, onların işğalçı siyasəti özlərini ağır vəziyyətə salıb. Onların rəsmi statistik məlumatlarına görə, hər il yüz mindən artıq vətəndaş bu ölkəni tərk edir. Ümidsizlik, özbaşınalıq, səfalət və iqtisadi tənəzzül - bunlardır Ermənistanı başqa ölkələrdən fərqləndirən əlamətlər. Azərbaycan isə inkişaf edir və bizdə olan inkişaf uzunmüddətlidir, dayanıqlıdır. Görülən tədbirlər nəticəsində bu gün Azərbaycan bölgənin aparıcı ölkəsinə çevrilib. İllər keçdikcə Ermənistan ilə Azərbaycan arasındakı fərq dərinləşəcək - həm iqtisadi, həm hərbi və həm də demoqrafik sahədə. Bizim əhalinin sayı artır, Ermənistanda isə əhali azalır".

İlham Əliyev bəyan edib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək: "Bunu deməyə bir neçə əsas amil var - iqtisadi imkanlar, beynəlxalq mövqeyimiz, beynəlxalq hüquq normaları və Azərbaycan Ordusunun qüdrəti. Mən əminəm və bir daha demək istəyirəm ki, işğala son qoyulandan sonra hazırda işğal altında olan bütün torpaqlar gözəlləşəcək, orada abadlıq işləri aparılacaq, yeni müəssisələr yaradılacaq. Biz öz tarixi və dini abidələrimizi bərpa edəcəyik. Erməni faşizminin, erməni vəhşiliyinin törətdiyi cinayətlərin fəsadlarını aradan qaldıracağıq. Ölkəmiz uğurla inkişaf edəcək və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək. Bunu etmək üçün biz bütün sahələrdə daha da fəal olmalıyıq. İlk növbədə ölkə daxilində proseslər müsbət istiqamətdə gedir və getməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə