Prezident Füzuli rayonunda bir sıra obyektlərin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev Füzuli rayonuna səfəri davam edir. SİA-nın Prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, dövlət başçısı səfər çərçivəsində dəmir yolunun Horadiz stansiyasında sərnişin vağzalı binasının əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olub.
Prezident dəmir yolunun Horadiz stansiyasında sərnişin vağzalı binasının əvvəlki görüntülərini əks etdirən fotostendə baxıb. Nəqliyyat naziri Ziya Məmmədov məlumat verib ki, bina müasir memarlıq üslubunda tamamilə yenidən qurulub. Binada sərnişinlərin istirahəti üçün də lazımi şərait yaradılıb.
Bildirilib ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin balansında olan Horadiz stansiyasının sərnişin vağzalı 1958-ci ildə inşa olunub. Vağzal binasında uzun müddət əsaslı təmir işləri aparılmamışdır. Sahəsi min kvadratmetr olan ikimərtəbəli binada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən fotoguşələr yaradılıb.
Bildirilib ki, Horadiz stansiyasının yenidən qurulan sərnişin vağzalının binası dəmir yolu nəqliyyatı infrastrukturunun inkişafı ilə bağlı görülən işlərin tərkib hissəsidir. Burada bilet satışı texnologiyası da təkmilləşdirilib. Horadiz sərnişin stansiyasında bilet satışı noyabrın 1-dən etibarən avtomatlaşdırılaraq beynəlxalq internet şəbəkəsinə qoşulub. Artıq Azərbaycan dəmir yolunun 48 sərnişin stansiyası da bu sistem üzrə fəaliyyət göstərir. Sərnişinlər istənilən istiqamət üzrə biletlərini onlayn rejimdə sifariş verə və ala bilərlər.
Prezident İlham Əliyev Horadiz dəmir yolu stansiyasının sərnişin vağzalının binasında yaradılmış şəraitdən razılığını bildirib.
YAP rayon təşkilatının yeni binası açıldı
Sonra Prezident Horadiz şəhərində Yeni Azərbaycan Partiyası (YAP) Füzuli rayon təşkilatının inzibati binasının açılışında iştirak edib. Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, YAP rayon təşkilatının yeni inzibati binasının inşasına 2011-ci ilin martında başlanılıb və 2012-ci ilin avqustunda başa çatdırılıb. Ümumi sahəsi 1200 kvadratmetr olan ikimərtəbəli binada tikinti işləri yüksək səviyyədə aparılıb. Binanın foyesində partiyanın yaradıcısı ulu öndər Heydər Əliyevin büstü qoyulub. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkənin sosial-iqtisadi inkişafı, o cümlədən Yeni Azərbaycan Partiyasının respublikamızın siyasi həyatında rolunun artırılması ilə bağlı gördükləri işləri əks etdirən fotoguşələr yaradılıb.
Diqqətə çatdırılıb ki, YAP Füzuli rayon təşkilatının 5 min 500-dən çox üzvü vardır. Onların 2 min 300-ü qadınlar, 1500-ü isə gənclərdir.
Prezident İlham Əliyev YAP Füzuli rayon təşkilatının yeni inzibati binasında yaradılan şəraiti yüksək qiymətləndirib.
Horadizdə Heydər Əliyev Parkının açılışı oldu
Azərbaycan Prezidenti Horadizdə Heydər Əliyev Parkının açılışında iştirak edib. Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Azərbaycan Prezidenti İlham Əliyevə Heydər Əliyev Parkında görülmüş tikinti işləri barədə məlumat verib. Bildirilib ki, park Heydər Əliyev prospektində yerləşir. Əbədiyaşar liderin adını daşıyan bu parkın tikintisinə 2011-ci ilin iyununda başlanılıb. İnşaat işləri cari ilin sentyabrında başa çatdırılan parkın ərazisi 3,5 hektardır. Parkda ulu öndər Heydər Əliyevin möhtəşəm abidəsi ucaldılıb.
Diqqətə çatdırılıb ki, burada yaşıllıqlar salınıb, xarici ölkələrdən gətirilən müxtəlif dekorativ ağac və gül kolları əkilib, suvarma sistemi yaradılıb. Parkda dirəyinin hündürlüyü 33 metr olan dövlət bayrağı ucaldılıb. İstirahət mərkəzində 8 güşəli fəvvarə tikilib. Şəhərə xüsusi gözəllik verən parkda müasir dizaynda inşa olunmuş internet-kafe də fəaliyyət göstərəcəkdir. Kompyuterlərlə təchiz edilmiş internet-kafedə gənclərin istirahəti üçün hər cür şərait vardır. Parkda çoxsaylı oturacaqlar qoyulmuş, müasir işıqlandırma sistemi quraşdırılmış, ətrafdakı evlərin fasadları və damları əsaslı təmir edilib.
Dövlətimizin başçısı görülmüş işləri yüksək qiymətləndirib, tapşırıq və tövsiyələrini verib.
Heydər Əliyev Mərkəzinin açılışı
Prezident İlham Əliyev Horadizdə Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, mərkəzin 1600 kvadratmetr sahəsi olan binasının inşasında milli memarlıq elementlərindən geniş istifadə edilib. Binanın təməli 2011-ci ilin iyununda qoyulub, inşaat işləri cari ilin oktyabrında başa çatdırılıb.
Mərkəzdə ümummilli lider Heydər Əliyevin büstü qoyulub, ulu öndərin həyat və fəaliyyətinin bütün dövrlərini, o cümlədən müxtəlif illərdə Füzuli rayonuna səfərlərini əks etdirən fotoguşələr yaradılıb. Burada ulu öndərin zəngin dövlətçilik irsinin gələcək nəsillərə çatdırılması üçün elektron kitabxana, ümummilli liderə aid sənədlərin saxlandığı xüsusi guşə də vardır.
Prezident İlham Əliyev mərkəzin konfrans zallarına baxıb.
Bildirilib ki, xüsusi dizaynla yaradılan 80 və 300 nəfərlik konfrans zalları rayon və respublika səviyyəli tədbirlərin keçirilməsi üçün nəzərdə tutulub. Mərkəzdəki xidməti otaqlar kompyuterlər və digər ən müasir avadanlıqla təchiz olunub. Mərkəzdə məktəblilərin Azərbaycanın zəngin tarixini dərindən öyrənmələri üçün xüsusi dərnəklər də fəaliyyət göstərəcəkdir. Qədim Azərbaycan dövlətləri haqqında məlumatlar və onların rəmzlərinin lazer görüntülərinin nümayiş olunduğu mərkəzdə müasir formatlı kinozal, sərgi salonu, foto, dizayn və səs studiyaları da vardır. Buradakı kurslarda gənclər müasir texnoloji yeniliklərlə yaxından tanış olacaq, bilik və bacarıqlarını inkişaf etdirəcəklər. Bunun üçün internet sinfi və kompyuter mərkəzi qurulub. Mərkəzdəki monitor zallarında ulu öndər Heydər Əliyevin siyasi irsindən və Prezident İlham Əliyevin fəaliyyətindən bəhs edən məşğələlər təşkil ediləcəkdir. Binada müasir havalandırma sistemi quraşdırılıb.
Görülmüş işləri yüksək qiymətləndirən Prezident İlham Əliyev mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.
Gənclər Mərkəzi istifadəyə verildi
Azərbaycan Prezidenti İlham Əliyev Füzuli rayonuna səfəri çərçivəsində Horadiz şəhərində Gənclər Mərkəzinin açılışında iştirak edib. Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Mərkəzlə tanış olan Prezident İlham Əliyevə məlumat verilib ki, ikimərtəbəli bina il yarıma tikilib. Mərkəzin ümumi sahəsi 980 kvadratmetrdir. Foyedə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətini, Füzuli rayonuna səfərlərini, həmçinin gənclərlə görüşlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Mərkəzdəki mini-kafedə gənclərin istirahəti üçün hər cür şərait vardır. Birinci mərtəbədə bilyard otağı, tikiş dərnəyi və inzibati otaqlar fəaliyyət göstərəcəkdir. Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verib.
Horadiz Şəhər Mədəniyyət Sarayının yenidənqurmadan sonra açıldı
Prezident İlham Əliyev Horadiz Şəhər Mədəniyyət Sarayının yenidənqurmadan sonra açılışında iştirak edib. Dövlətimizin başçısı Mədəniyyət Sarayının rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, sarayın yenidən qurulmasına 2011-ci ilin iyununda başlanılmış, cari ilin avqustunda başa çatdırılıb. Mədəniyyət Sarayının ümumi sahəsi 1472 kvadratmetr olan ikimərtəbəli binası yeni görkəmdə şəhərin gözəlliyinə xüsusi çalar qatır. Binada yenidənqurma işlərinin yüksək səviyyədə görülməsinə xüsusi diqqət yetirilib. Foyedə ümummilli lider Heydər Əliyevin büstü qoyulub, ulu öndərin və Prezident İlham Əliyevin mədəniyyət və incəsənət sahəsinin inkişafına göstərdikləri qayğını əks etdirən fotolardan ibarət guşə yaradılıb.
Prezident İlham Əliyev Mədəniyyət Sarayının tamaşa zalı ilə tanış olub.
Dövlətimizin başçısı sarayın ikinci mərtəbəsindəki rəsm qalereyası ilə də tanış olub.
Prezident İlham Əliyev Horadiz Şəhər Mədəniyyət Sarayında yaradılmış şəraitdən razılığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB