Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi bəyanat verdi

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi bəyanat verdi

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi bəyanat verib. SİA-nın əldə etdiyi bəyanatın mətnini təqdim edirik:

"Freedom House" Beynəlxalq Insan Hüquqları Təşkilatı dünyada insan haqlarının vəziyyətinə dair növbəti hesabatını yayıb. Hesabatda, Azərbaycan yenə də "azad olmayan ölkələr" kateqoriyasına daxil edilib.

Qeyd etmək lazımdır ki, hesabatda Azərbaycanla bağlı irəli sürülən iddialar reallığa söykənmir, qeyri-obyektiv və qərəzlidir. Açıq-aşkar görünür ki, hesabat anti-Azərbaycan dairələr tərəfindən maliyyələşən bəzi yerli QHT-lərin subyektiv mülahizələri əsasında hazırlanmışdır.

Hərfi mənası "Azadlıq Evi" olan bir təşkilatın əsas məqsədi hesabatda adları çəkilən dövlətlərdə azadlıq və demokratiyaya deyil, anarxiya və xaosa nail olmaqdan ibarətdir. Əgər "Freedom House" sözün əsl mənasında haqqı tələb edən bir təşkilat olsa idi, bu hesabatda Qərb dövlətlərində baş verən özbaşınalıqlar da öz əksini tapardı.

Hesabatda insan hüquq və azadlıqlarının vəziyyətinə görə Azərbaycan "qeyri-azad", Ermənistan isə "qismən azad" ölkələr sırasına daxil edilmişdir. Bu hal təşkilatın mövqeyində ikili standartların və Azərbaycana qarşı olan antipatiyanın açıq təzahürüdür. Əlbəttə, hesabatda erməni lobbisinin də izlərini görməmək mümkün deyil. Görəsən, sözün əsl mənasında insan hüquqları pozulan, jurnalistlərin azadlığı məhdudlaşdırılan, həbsxanalardakı vəziyyəti dözülməz olan, digər dövlətin ərazisini haqsız olaraq işğal edən Ermənistanın "qismən azad" ölkələr sırasına daxil edilməsi necə mümkün olmuşdur?

"Freedom House" həqiqətən haqqı tələb edən təşkilatdırsa, Azərbaycanın 20% torpaqlarının işğalını pisləsin, Azərbaycan torpaqlarının işğalı ilə bağlı qəbul edilən BMT-nin dörd qətnaməsinin həyata keçirilməsini tələb etsin. Eyni zamanda "Freedom House" Ermənistan tərəfindən öz tarixi torpaqlarından didərgin düşən 1 milyondan artıq insanın yaşamaq hüququnun əlindən alınmasını və mülkiyyət hüququnun pozulmasını pisləsin.

Azərbaycanın fəal QHT-lərindən biri kimi biz "Freedom House" təşkilatının reallığı əks etdirməyən, qeyri-ciddi əsaslara söykənən, xarici anti-Azərbaycan və anti-islam dairələrin sifarişi olan bu hesabatını qətiyyətlə pisləyirik. Biz bu qurumdan tələb edirik ki, ikili standartlardan uzaqlaşaraq, adının mənasına uyğun addımlar atsın, öz fəaliyyətini həqiqətən dünyada azadlığı və insan haqlarını qorumağa yönəltsin.

Bütün xəbərlər Facebook səhifəmizdə