Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Həsən bəy Zərdabinin 170 illik yubileyinə həsr olunan tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ilk olaraq ADU-nun Jurnalistika ixtisasında təhsil alan tələbələrin ifasında səhnələşdirilən tamaşa nümayiş olunub.
Daha sonra çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov Həsən bəy Zərdabi irsinin təbliğinə müstəqil Azərbaycan mətbuatının simasının formalaşdırılması prosesində mühüm istiqamətverici amillərdən biri olaraq hər zaman böyük önəm verildiyini diqqətə çatdırıb: "Zərdabi Azərbaycan tarixində bir çox yeniliklərə imza atıb. O, 1872-ci ildə ilk xeyriyyə cəmiyyəti olan "Cəmiyyəti-Xeyriyyə"ni yaradıb, 1875-ci ildə ilk milli mətbu orqanı - "Əkinçi" qəzetini nəşr etdirib, 1873-cü ildə ilk dəfə "Hacı Qara" əsərinin tamaşaya qoyulmasında və 1906-cı ildə Azərbaycan müəllimlərinin ilk qurultayının təşkil olunmasında mühüm rol oynayıb. Zərdabi təfəkkürünün məhsulu kimi meydana çıxan ilk mətbu orqanının müasir sələfi "Əkinçi" qəzetinin fəaliyyətinə böyük diqqət yetirilir".
"Ayna-Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı isə çıxışında Zərdabinin həyat və yaradıcılığına toxunaraq, onu xeyirxah bir ziyalı kimi xarakterizə edib: "Dövlətçilik maraqlarından çıxış edərək, Həsən bəy Zərdabi kimi xalqını sevən və yaşayan ziyalı insanları unutmamalıyıq".
Tədbirin yekununda ADU-nun rektoru Səməd Seyidov təhsil ocağında belə yubileylərin keçirilməsini yüksək qiymətləndirib. O həmçinin jurnalistika ixtisasında təhsil alan tələbələrin Həsən bəy Zərdabinin yubileyinə ürəklə hazırlaşmalarını təqdirəlayiq hal hesab edib.
Qeyd edək ki, tədbir boyu səbəbkarın həyat və yaradıcılığını əks etdirən video çarx nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB