“İRƏLİ” İqtisad Mərkəzi “Marketing Elit Club” yaradılmasını elan edir
“Modern Marketing Group”

"İRƏLİ" İqtisad Mərkəzi "Modern Marketing Group" ilə birgə "Marketing Elit Club" yaradılmasını elan edir. Qurumdan SİA-ya verilən məlumata görə, yaradılacaq "Marketing Elit Club" gələcək karyeralarını marketinq istiqamətində qurmaq istəyən gənclərdən təşkil olunacaq. Bunun üçün seçilən gənclərə həm marketinq bilikləri öyrədiləcək, həm də onların şəxsi inkişafları üçün təlimlər təşkil olunacaq. Şəxsi inkişaf və bacarıqlarla bağlı təlimlər analitik təhlil metodları, marketinq bilikləri, strategiya hazırlanması, bazar araşdırması, menecmentlik, manipulyasiya üsulları, natiqlik qabiliyyəti və bu kimi vacib mövzuları əhatə edəcək.

"Marketing Elit Club"a seçilən şəxslərə 6 ay müddətində müvafiq mövzularda seminar və təlimlər keçiriləcək. Layihənin sonunadək iştirak etmiş və sertifikat almış şəxslərə "Modern Marketing Group"da təcrübə üçün şərait yaradılacaq, özünü doğruldan şəxslər isə "Modern Marketing Group" tərəfindən işlə təmin olunacaq.

"Modern Marketing Group" və "İRƏLİ" İqtisad Mərkəzinin birgə əməkdaşlığı ilə həyata keçiriləcək layihəyə rəhbərliyi "İRƏLİ" İqtisad Mərkəzinin rəhbəri Bəhman Hüseynli həyata keçirəcək.

Layihə iştirakçıları "Modern Marketing Group"un əməkdaşları tərəfindən seçiləcək. "Marketing Elit Club" layihəsinə, elit marketoloqların inkişafına, yeni marketoloqların hazırlanmasına birbaşa olaraq "Modern Marketing Group"un təsisçisi, marketoloq Yusif Vəliyev tərəfindən nəzarət ediləcək və dəstək göstəriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə