Almaniyanın Şlesviq Holstayn torpağında cəmi bir il öncə "dünyaya göz açan" "Buta" cəmiyyəti 1 yaşını qeyd edib. SİA-nın Almaniya bürosundan verilən xəbərə görə, Hamburq şəhərində təşkil olunan tədbirdə soydaşlarımız, digər cəmiyyətlərin nümayəndələri, başqa millətləri təmsil edən qonaqlar iştirak edib.
Cəmiyyətin sədri Rüfət Seyidzadə yarandıqları bir il ərzində görülən işlərdən danışıb. Ən yaddaqalan tədbir kimi cəmiyyətin bu il keçirdiyi "Buta" kuboku uğrunda beynəlmiləl mini-futbol turnirini qeyd edən R.Seyidzadə bunun davamlı olacağını, gələn il isə Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunacaq daha böyük bir turnir təşkil edəcəklərini vurğulayıb. Az iş görmələrinə baxmayaraq bu bir il ərzində daim soydaşlarımızın dəstəyini aldıqlarına görə, cəmiyyət sədri iştirakçılara xüsusilə təşəkkürünü bildirib.
Sonra qonaqlar milli musiqi sədaları altında rəqs ediblər, milli şiriniyyatlarımızı dadıblar. Hamburqda Azərbaycanın ən fəal təəssübkeşlərindən olan Hamaya Kazımovanın hazırladığı, üzərində "Buta 1 yaş" yazılmış tortun alqışlar altında kəsilməsi də tədbirə xüsusi rəng qatıb. Ən maraqlı məqamlardan biri isə cəmiyyətin ənənəsinə sadiq qalaraq uşaqlar üçün təşkil etdiyi yarışma proqramı olub. Ötən tədbirdə "Mən Azərbaycanı necə xatırlayıram" rəsm müsabiqəsində fəal iştirak edən balacalar bu dəfə özlərini şeir yarışmasında sınadılar. Azərbaycana aid şeirlər söyləyən uşaqlar hədiyyə və tərifnamə ilə mükafatlandırıldılar. Balaca soydaşımız Tahirə Səttarovanın royalda ifa etdiyi "Kuklam" mahnısını birgə oxumaları iştirakçıların alqışları ilə qarşılanıb.
Şahin Abasov,
SİA-nın almaniyadakı müxbiri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB