Ermənistana yardıma gedən azərbaycanlıların ölümündən 24 il ötür
1988-ci ildə baş vermiş müəmmalı hadisə nəticəsində 79 nəfər həlak olub
Ermənistanda baş vermiş zəlzələdən zərərçəkmiş ermənilərə Azərbaycandan humanitar yük aparan təyyarənin vurulmasından 24 il ötüb. 1988-ci il dekabrın 11-də Leninakanda yerli vaxtla səhər saat 11:41-də 7,2 bal gücündə zəlzələ baş verib. 25 000-dən çox insan ölür, Spitak şəhəri yerlə yeksan olur. Bu o dövr idi ki, Azərbaycanla Ermənistan arasında münaqişə artıq ciddi xarakter almağa başlamışdı. Məsələn, həmin ilin yanvarından azərbaycanlı qaçqınların ilk dəstəsi ölkəmizə pənah gətirmişdi. Hər halda, 1989-cu ilin sonlarında qaçqınların sayı ümumilikdə 230 000 olacaqdı.
Yəni, ermənilərin azərbaycanlılarla bağlı həyata keçirdikləri siyasət onları doğma yurd-yuvalarından qovmağa hesablanmışdı. Bunun üçün əllərindən gələn pislikləri edirdilər. Məsələn, fevralın 22-də ermənilər Ağdamdan olan 2 gənci, fevralın 25-də isə Əsgəranda daha 2 azərbaycanlını qətlə yetirirlər. Spitakda baş verən zəlzələdən 35-40 gün əvvəl - noyabrın 3-də məhz bu şəhərdə azərbaycanlılara qarşı kütləvi qətliamlar həyata keçirilmişdi. Spitak rayonu rəhbərliyinin bilavasitə iştirakı ilə erməni silahlı dəstələri azərbaycanlı əhalinin evlərinə basqınlar etmiş, nəticədə 40-dan çox azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, yüzlərlə ailə ev-eşiyindən çölə atılaraq rayonu tərk etməyə məcbur qalmışdır.
Azərbaycan Spitak da daxil olmaqla, Leninakanda baş verən zəlzələyə belə bir vaxtda kömək əlini uzadır. Köməyə gedən 11923 saylı hərbi hissənin heyət üzvləri arasında Vaqif Əhmədov da var idi. O vaxt V.Əhmədov Sumqayıt Məişət Xidmətləri Kompressorları zavodunda Mexaniki Təmir sexinin rəisi vəzifəsində işləyirdi. Deyir ki, ayın 8-i onu təcili hərbi komissarlığa çağırdılar: "Orada da mənə heç nə bildirmədilər. Sadəcə izah etdilər ki, Biləcəridə manevr edib qayıdacaqsınız".
Vaqif Əhmədov bildirib ki, ümumi səfərbərliyə 1300 nəfər cəlb olunmuşdu. İlk təyyarədə 80-dən artıq adam var idi. Aeroportda onları qarşılayan mülki geyimli erməni təmiz Azərbaycan dilində onlara belə deyir: "Təəssüf, biz heç sizi gözləmirdik". Və maraqlıdır ki, erməni xisləti sonra özünü daha iyrənc şəkildə göstərir. İlk gün, sonra da dekabrın 11-də yardıma gedən "İl 76" təyyarəsini Gümrü aeroportunda qəbul etmirlər. Nəticə dəhşətli olur.
Təyyarə qəzaya uğrayır və yaxud vurulur, 69 nəfər xilasedici, ehtiyatda olan hərbçi və 9 ekipaj üzvü həlak olur. Bəzi məlumatlara görə, Leninakanın hava limanında dispetçerlər tərəfindən yanlış istiqamətləndirilən "İl 76" təyyarəsi dağa dəyərək partlayır, bəzi ehtimallara görə, təyyarə ermənilər tərəfindən vurulur. Tək bir nəfər sağ qalır. Fəxrəddin Balayev. O da möcüzə nəticəsində.
Ötən il Fəxrədin Balayev də dünyasını dəyişir. 24 il əvvəl "İl 76" təyyarəsində faciəli şəkildə dünyasını dəyişənlər isə heç cür dəyişmirlər. 24 il qabaq şəkillərdə necədilərsə, bu gün də elədirlər. Onların yaşının üstünə yaş gəlmir. Eynən ana-bacılarının gözünə yaş gəlmədiyi kimi. İllər öz işini görüb, ağlamaqdan hər birinin gözlərinin yaşı quruyub.
Qəzada ölən 78 nəfərə 1994-cü ildə prezident Heydər Əliyevin sərəncamı ilə şəhid statusu verilir. Allah hər birinin o biri dünyasını versin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB