Ümummilli lider Heydər Əliyevin vəfatının 9-cu ildönümü Təbrizdə də anılıb. Bu münasibətlə Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunda keçirilən anım mərasimində Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilıb, onun ruhuna müqəddəs Qurandan ayələr oxunub.
Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu Əli Əlizadə mərasimdə çıxış edərək Ümummilli liderin ömür yolu və siyasi fəaliyyəti haqqında mərasim iştirakçılarına məlumat verib, onun müasir Azərbaycan Respublikasının qurucusu olduğunu bildirib. Əli Əlizadə Heydər Əliyevin daim millətinə və ölkəsinə sadiq dahi şəxsiyyət olduğunu, dövləti və xalqı qarşısında misilsiz xidmətlər göstərdiyini qeyd edib. Azərbaycan Respublikasına və xalqına qarşı törədilən bir çox müsibətlərin, Azərbaycan torpaqlarının işğalı kimi faktların məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə və onun siyasi fəaliyyəti nəticəsində dünya ictimaiyyətinin diqqətinə çatdırıldığını bildirib. Əli Əlizadə bütün bu kimi görülən əhəmiyyətli işlərlə yanaşı, Heydər Əliyevin Azərbaycanın sosial-iqtisadi inkişafında, dünyada söz sahibi olmasında da misilsiz xidmətlərinin olduğunu vurğulayıb. Onun müəyyən etdiyi siyasət nəticəsində Azərbaycanın hazırda da uğurla irəliyə doğru addımladığını mərasim iştirakçılarının diqqətinə çatdırıb, bu kimi səbəblərdən Heydər Əliyevin xatirəsinin daim Azərbaycanda, eləcədə bir çox xarici ölkələrdə, o cümlədən Azərbaycana dost və qonşu ölkə olan İran İslam Respublikasında, Təbriz şəhərində də anıldığını bildirib. Yaradılan şəraitə görə İran İslam Respublikası hökumətinə və iştirakçılara öz təşəkkürlərini çatdırıb.
Mərasimdə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film də nümayiş etdirilib və onun xatirəsinə ehsan süfrəsi açılıb. Mərasim iştirakçıları həmçinin, Baş Konsulluq tərəfindən təşkil olunmuş ümummilli liderin həyat və fəaliyyətinə aid foto və kitablardan ibarət sərgiyə də baxıblar. Mərasimdə Ümummilli liderə və Azərbaycan həqiqətlərinə dair kitab və bukletlər də paylanıb.
Mərasimdə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin rəhbəri, İran İslam Respublikası Şərqi Azərbaycan Vilayətinin dövlət rəsmiləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB