BAMF-a beynəlxalq arenadan təbrik məktubu!

BAMF-a beynəlxalq arenadan təbrik məktubu!

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) 20 illik yubiley ilə bağlı tədbir keçirilib. SİA-nın məlumatına görə, yubiley tədbirində Azərbaycanın dövlət rəsmiləri, millət vəkilləri, bir çox xarici ölkədən gəlmiş qonaqlarla yanaşı beynəlxalq təşkilatların, BMT-nin Azərbaycandakı agentliklərinin rəhbərləri, ölkəmizdə fəaliyyət göstərən xarici ölkə səfirliklərinin nümayəndələri, o cümlədən Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri, media mənsubları da iştirak ediblər.

BMT katibliyi adından yubiley təbrikini çatdırmaq üçün Azərbaycana gələn BMT-nin İqtisadi-Sosial Şurasının-ECOSOC-un QHT bölməsinin rəhbəri Andrey Abramov da Azərbaycana gəlib.

Bu günlərdə daha bir beynəlxalq təşkilatdan-Beynəlxalq Mətbuat İnstitutundan (BMİ) BAMF-ın yubileyi ilə bağlı qurumun rəhbəri Umud Rəhimoğlunun adına təbrik məktubu daxil olub. BMİ-nin icraçı direktoru xanım Alison Makkenzi ünvanlandığı məktubda yazır: "Beynəlxalq Avrasiya Mətbuat Fondunun 20 illik yubileyi ilə əlaqədar Beynəlxalq Mətbuat İnstitutu adından səmimi təbriklərimi çatdırıram. Geridə qoyduğu 20 il ərzində BAMF jurnalistlərin müdafiəsi, mediada ən yaxşı vərdişlərin aşılanması və azad mətbuatın yalnız Azərbaycanda deyil, eləcə də regionda təbliği üçün ardıcıl olaraq qalıb. BMİ BAMF ilə bir sıra vacib təşəbbüslərin reallaşdırılmasında əməkdaşlıq etməsindən qürur duyur və belə əməkdaşlığın gələcəkdə də baş tutmasına ümid edir. Umud, BAMF-ın və BMİ-nin Azərbaycan Milli Komitəsinin idarəçiliyində göstərdiyin qətiyyətli liderlik və rəhbərliyinə görə biz sənə xüsusi təşəkkürümüzü göndəririk".

Qeyd edək ki, millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə də U.Rəhimoğluna təbrik məktubu ünvanlayıb.

Xatırladaq ki, BAMF 1992-ci ildə bir qrup jurnalist tərəfindən yaradılıb. BMT qurumları, ABŞ Dövlət Departamenti, Avropa Komissiyası, Dünya Bankı, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Jurnalistlər Federasiyası, bir sıra ölkələrin Azərbaycandakı səfirlikləri, nazirliklər, agentliklər, habelə regiondakı yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. BMT-nin İqtisadi- Sosial Şurasının (ECOSOC) QHT bölməsinin xüsusi məşvərətçi statuslu üzvü olan BAMF Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının (ECRE), ABŞ Dövlət Departamenti İctimai-Özəl Tərəfdaşlıq Proqramının, Beynəlxalq Sülh Bürosunun (BSB), Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) üzvüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə