"Ulu Öndər daim qəlblərdə yaşayacaq"

YAP Nizami rayon təşkilatında Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı bu mövzuda tədbir keçirilib
"Ulu Öndər daim qəlblərdə yaşayacaq"

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı və Nizami rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı "Heydər Əliyev daim qəlblərdə yaşayacaq" mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Anım mərasimində YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva bütün ömrünü xalqımızın tərəqqisinə və inkişafına həsr etmiş Ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı əvəzsiz xidmətlərindən danışıb: "Ulu Öndər Heydər Əliyev taleyini xalqımıza bəxş etdiyi dahi şəxsiyyətdir. Azərbaycan tarixinin son 30 ili Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqın tələbi ilə 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlayıb, atəşkəsə nail olub. Onun əvəzsiz xidmətləri sayəsində ölkəmizdə daxili sabitlik bərpa edilib, iqtisadi inkişaf, quruculuq işlərinə başlanılıb. Məhz, Ümummilli liderin məqsədyönlü siyasəti və gərgin əməyi nəticəsində müstəqillik yolunda kövrək addımlarını atan respublikamız iqtisadi böhrandan çıxıb, ölkəmizdə hüquqi dövlət və demokratik cəmiyyət qurulub, Azərbaycan dünya birliyində öz layiqli yerini tutub. Xalqın milli tarixinə və mənəvi dəyərlərinə hörmətlə yanaşan dahi öndər millətimizin parlaq gələcəyinin təməlini qoyub".

Millət vəkili söyləyib ki, Ulu öndər Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün dünyada tanınan və sevilən şəxsiyyət idi: "Yaşadığımız dövr tarixə Heydər Əliyev erası kimi daxil olacaq. Gələcək nəsillər taleyin bizə bəxş etdiyi bu şərəfli dövrü daha mükəmməl öyrənəcək və təhlil edəcək".

Ölkəmizin iqtisadiyyatında, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə əldə olunan nailiyyətləri xatırladan digər çıxışçılar da Ulu öndər Heydər Əliyevin əbədiyaşar ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıblar.

Sonda YAP Nizami rayon təşkilatının nəzdində fəaliyyət göstərən "Heydər Əliyev Məktəbi"nin məzunlarına sertifikatlar, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvünə Fəxri Fərman və yeni qəbul edilmiş üzvlərə vəsiqələr təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə