"Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət qulluğunun idarə olunmasının inkişafı və dəstəklənməsi sahələrində əməkdaşlıq Protokolu" çərçivəsində hazırlanmış və 11 sentyabr 2012-ci il tarixdə Ankarada imzalanmış "Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında 2012-2013-cü illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Planı"na əsasən hər iki ölkənin dövlət orqanları arasında təcrübə mübadiləsinin aparılması məqsədilə Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi rəhbərinin köməkçisi Erdal Aydının rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir. Qurumdan SİA-ya verilən məlumata görə, nümayəndə heyətinə Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsinin, Ədliyyə Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Sosial Müdafiə Nazirliyinin və Hesablama Palatasının nümayəndələri daxildirlər.
Səfər çərçivəsində türkiyəli dövlət qulluqçuları üçün Azərbaycan Respublikasının dövlət qulluğu sistemi barədə Komissiya əməkdaşlarının təqdimatları olub. Tədbirdən öncə qonaqları salamlayan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov iki qardaş ölkə arasında bütün sahələr üzrə, o cümlədən də dövlət qulluğu sahəsi üzrə əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib. Həmçinin o, 2010-cu ildən başlayaraq təcrübə mübadiləsi məqsədi ilə təşkil olunan qarşılıqlı səfərlərin bu əlaqələrin daha da dərinləşməsinə xidmət etdiyini vurğulayıb.
Sonra Komissiyanın əməkdaşları "Azərbaycan Respublikasında dövlət idarəçilik və dövlət qulluğu sistemi", "Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın fəaliyyəti və dövlət qulluğuna qəbul" , "Etik davranış qaydaları və xidməti fəaliyyətin qiymətləndirilməsi" mövzularında təqdimatla çıxış ediblər.
Dekabr ayının 15-dək davam edəcək səfər müddəti ərzində qonaqlar Dövlət Sosial Müdafiə Fondunun, Gənclər və İdman Nazirliyinin, Ədliyyə Nazirliyinin, Hesablama Palatasının fəaliyyətlərini əks etdirən təqdimatlarla tanış olacaqlar.
Qeyd edək ki, səfər ərzində türkiyəli dövlət qulluqçuları Dövlət Bayrağı Meydanında və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda Azərbaycanın Azərbaycanın zəngin tarixi və mədəniyyəti ilə tanış olacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB