"Azərbaycan erməni idmançıların təhlükəsizliyinə təminat verir"

"Azərbaycan erməni idmançıların təhlükəsizliyinə təminat verir"

Bunu Milli Olimpiya Komitəsində keçirilən mətbuat konfransında MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə deyib

"Ermənistanın Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarında da iştirak edəcəyini düşünürəm. Bununla bağlı Azərbaycan tərəfindən heç bir problem yoxdur". SİA-nın verdiyi məlumata görə, bunu Milli Olimpiya Komitəsində keçirilən mətbuat konfransında MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

"Ermənilər Romada Avropa Olimpiya Komitəsi Baş Assambleyasının iclasında ümumiyyətlə səsvermədə iştirak etməkdən imtina ediblər. Bu o demək deyil ki, ermənilər iştirak edəcək və ya etməyəcək. Biz bütün komandaların iştirakına və təhlükəsizliyinə təminat vermişik", - Ç.Hüseynzadə bildirib.

MOK-un vitse-prezidenti qeyd edib ki, Avropa Olimpiya Oyunlarının yüksək səviyyədə təşkil edilməsi üçün Azərbaycanda bütün məsələlər Avropa qanunvericiliyinə uyğunlaşdırılmalı, yeni təhlükəsizlik sistemi qurulmalı, nəqliyyat sistemi yeniləşdirilməlidir: "Bakıda bir sıra idman növlərindən idmançılar iştirak edəcək. Azərbaycanda bəzi idman növləri yoxdur və biz çalışacağıq ki, 2 il yarım müddətində bu idman növlərini Azərbaycanda yaradaq və inkişaf etdirək".

Qeyd edək ki, Avropa Olimpiya Komitəsi 2015-ci ildə birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar qəbul edib.

Elgün VİDADİOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə