Qırğızıstanda Ulu Öndərin xatirəsini anılıb

Qırğızıstanda Ulu Öndərin xatirəsini anılıb

Azərbaycanın Qırğız Respublikasındakı səfirliyi Türkdilli Dövlətlərin Dəstək Fondunun və Qırğız-Türk Manas Universitetinin dəstəyi ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini anma mərasimi təşkil edib.

Səfirlikdən bildiriblər ki, Qırğız-Türk Manas Universitetində keçirilən mərasimdə Azərbaycan diasporunun nümayəndələri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun, ictimaiyyətin, KİV-lərin təmsilçiləri iştirak ediblər.

Ulu öndər Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra kinorejissor Andrey Konçalovskinin ümummilli liderə həsr etdiyi "Hakimiyyət yükü" ("Бремя Власти") adlı sənədli film nümayiş olunub.

Tədbirdə çıxış edən Qırğız-Türk Manas Universitetinin rektoru, professor Səbahəddin Balcı ümummilli lider Heydər Əliyevin türk dünyasına əvəzsiz töhfələrindən danışıb. O, Azərbaycan xalqının ulu öndərinin dünyada tanınmış ictimai-siyasi xadim olduğunu bildirib.

Səfirliyin müvəqqəti işlər vəkili İ.Cabbarov ulu öndərin mənalı həyatı və zəngin ictimai-siyasi fəaliyyəti ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsi yarandıqda xalqın tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəsin əldə edilməsini nəzərdə tutan Bişkek protokolunun imzalanmasına nail olub. Bundan sonra ulu öndərin rəhbərliyi ilə Azərbaycanda ordu quruculuğu, dövlətçiliyin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin təmin edilməsi və digər sahələrdə islahatların həyata keçirilməsinə başlanılıb, 1994-cü ildə dünyanın aparıcı neft şirkətləri ilə "Əsrin müqaviləsi" imzalanıb.

Bildirilib ki, görkəmli dövlət xadiminin əsasını qoyduğu uzaqgörən siyasətin bu gün onun layiqli davamçısı – Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ölkəmiz regionda lider dövlətə çevrilib.

Türkiyənin Qırğız Respublikasındakı səfiri Necat Akcal, Qırğızıstan parlamentinin deputatı Tursunbay Bakir Ulu, Türkdilli Dövlətlərin Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov, bu ölkədə yaşayan Azərbaycanlıların Əlaqələndirmə Mərkəzinin prezidenti Cəbi Rəsulov ulu öndər Heydər Əliyevin müstəqilliyimizin qorunmasında, möhkəmlənməsində, müasir Azərbaycan dövlətçiliyinin formalaşdırılmasında xidmətlərindən danışıb, ölkəmizin beynəlxalq aləmdə tanınmasında, respublikamızın ictimai, siyasi, mədəni, iqtisadi sahədə uğurlarının təməlində məhz ümummilli liderin uzaqgörən siyasətinin dayandığını vurğulayıblar.

Sonra Nüsrət Məmmədov Türkdilli Dövlətlərin Dəstək Fondunun təsis etdiyi "Heydər Əliyev" qızıl medalını Səbahəddin Balcıya təqdim edib. Fond tərəfindən qırğız dilində nəşr edilən ümummilli lider Heydər Əliyevə həsr olunmuş kitablar universitetin kitabxanasına hədiyyə verilib.

Tədbirin sonunda Türkdilli Dövlətlərin Dəstək Fondu və Qırğız-Türk Manas Universiteti tərəfindən ümummilli lider Heydər Əliyevin anma mərasimi ilə əlaqədar ehsan verilib.

Mərasim yerli mətbuatda geniş işıqlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə