Qənirə Paşayevaya Rauf Denktaş Özəl Ödülü təqdim olundu

Qənirə Paşayevaya Rauf Denktaş Özəl Ödülü təqdim olundu

Mərasim Şimali Kipr Türk Cümhuriyyətində baş tutub

Şimali Kipr Türk Cümhuriyyətində keçirilən tədbir zamanı millət vəkili Qənirə Paşayevaya Rauf Denktaş Özəl Ödülünü Rauf Denktaşın oğlu, Demokrat Partiyasının sədri, millət vəkili Sərdar Denktaş təqdim edib. SİA-nın verdiyi məlumata görə, təqdimat zamanı çıxışında Qənirə Paşayeva haqqında o bizim bacımızdır deyən Sərdar Denktaş millət vəkili Qənirə Paşayevanın bu ödülü almağa mənəvi haqqı olduğunu deyib.

Rauf Denktaşın Qənirə Paşayevanı yaxından tanıdığını, dəfələrlə söhbət etdiyini və dəyər verdiyini deyən Sərdar Denktaş millət vəkili Qənirə Paşayevanın Türk Dünyasına etdiyi xidmətlərdən və hər zaman Şimali Kipr Türklərinin, ŞKTC-nin yanında olmasından dolayı bu özəl mükafata layiq görüldüyünü deyib. Millət vəkili Qənirə Paşayevanın Şimali Kipr Türk Cümhuriyyəti və onun qurucu lideri və prezidenti Rauf Denktaş haqqında yazdığı kitabları da xüsusi qiymətləndirən və həmin kitabların təqdimat mərasimində şəxsən iştirak etdiyini vurğulayan Sərdar Denktaş millət vəkili Qənirə Paşayanı bir daha təbrik edib və təşəkkür edib. O, qardaş Azərbaycan dövlətinin inkişafına və uğurlarına sevindiklərini və oranı da özlərinə vətən saydıqlarını deyib. Rauf Denktaşın ən böyük arzunun ŞKTC-nin əbədi varlığı olduğunu qeyd edən Sərdar Denktaş Dağlıq Qarabağ probleminin də onları hər zaman narahat etdiyini deyib və üısa zamanda bu problemin həll olunmasını dilədiklərini söyləyib.

Bu mükafatı almağın onun üçün xüsusi məna daşıdığını deyən Qənirə Paşayeva həm sevincli, həm də kədərli olduğunu deyib: "Sevincliyəm ona görə ki, Rauf Denktaş Özəl Ödülünü alıram və bu dəyərli mükafatı dəyərli qardaşım, gözəl siyasətçi, ən əsası isə Rauf Denktaşın oğlu hörmətli Sərdar bəy təqdim edir. Kədərliyəm ona görə ki, Türk Dünyasının böyük liderlərindən biri olan, əfsanəvi Rauf Denktaş artıq həyatda yoxdur və mən bu dəfə onunla görüşüb, söhbətlər edə bilməyəcəm".

Hər zaman Şimali Kiprə səfərləri zamanı Rauf Denktaşla görüşdüyünü və onunla maraqlı fikir mübadilələri apardığını deyən Qənirə Paşayeva "ondan çox şeylər öyrəndim, çünki o, milləti, vətəni necə sevmənin ən gözəl örnəklərindən biri idi", - dedi. Rauf Denktaşın dəfn mərasimində iştirakdan sonar ilk dəfə Şimali Kiprə gəldiyini vurğulayan Qənirə Paşayeva Şimali Kipr onsuz solğun və qəmgin görünür deyib. "Amma mən bu gün hər yerdə onu gördüm, Şimali Kipr Türk Cümhuriyyətinin bayrağının dalğalandığı hər yerdə… Onu hər zaman sevgi və sayğı ilə anacaq, xatırlayacağıq." Rauf Denktaş haqqında yazdığı kitabı sağlığında ona təqdim edə bilməsindən və əfsanəvi liderin kitabdan çox razı qalmasından məmnunluq duyduğunu deyən millət vəkili Qənirə Paşayeva "Rauf Denktaşla hər görüşüm zamanı o məndən hər dəfə azərbaycanlı qaçqın və məcburi köçkünləri xüsusi soruşurdu, onların evlərinə dönə bilməməsinə, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistanın işğalı altında olmasından çox üzüldüyünü deyirdi. Mən onun adını daşıyan bu özəl ödülü qaçqın və məcburi köçkünlərimiz adına alıram və arzu edirəm ki, inşallah belə təqdimat mərasimlərini birgə işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Şuşada, Xocalıda qeyd edək. Mən inanıran ki, o gün uzaqda deyil…", - bildirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə