Bu gün Minsk şəhərində Rusiyanın RİA-Novosti informasiya agentliyinin təşkilatçılığı ilə Avropa və Asiya medialarının 7-ci forumu öz işinə başlayıb.
SİA-nın AzərTAc-a istinadən verdiyi xəbərə görə, forum Rusiya Prezidenti Vladimir Putinin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun tədbirin iştirakçılarına təbrik məktublarının oxunuşu ilə açılıb.
Postsovet məkanında inteqrasiya proseslərinin müzakirə olunduğu forumun işində MDB dövlətlərindən və Baltikyanı ölkələrdən 200-dən artıq nümayəndə iştirak edir.
Avrasiya İqtisadi Komissiyasının kollegiya üzvü Tatyana Volovaya çıxış edərək, forumun əhəmiyyətindən danışıb. Qeyd olunub ki, bu gün dünyanın bir sıra regionlarında fəaliyyət göstərən dövlətlər daha sıx yaxınlaşaraq birliklər yaradır və iqtisadi cəhətdən inkişaf etməyə çalışırlar. İnteqrasiya prosesləri o baxımdan vacibdir ki, insanlar daha sıx ünsiyyətdə olaraq xalqlar və dövlətlər arasındakı əməkdaşlığı artırsınlar və gələcəyə daha inamla baxsınlar. Dünyada baş verən qlobal iqtisadi böhran inteqrasiya proseslərini zəruri edib.
Postsovet məkanında internet medianın inteqrasiya proseslərindəki rolundan danışan Rusiyanın rabitə və kommunikasiya nazirinin müavini Aleksandr Volin qeyd edib ki, bu gün dünyada baş verən hər hansı bir hadisə internet vasitəsi ilə tez bir zamanda yayılır. Müasir cəmiyyəti informasiyasız təsəvvür etmək mümkün deyildir. Odur ki, MDB məkanındakı ölkələrin yaxınlaşmasında media qurumları çox mühüm rol oynayırlar. Bazar iqtisadiyyatı şəraitində fərqlənməyə, oxucuların rəğbətini qazanmağa və reklamla daha çox pul əldə etməyə çalışan media təşkilatlarını başa düşmək olar. Onlar daim öndə olmağa çalışırlar ki, gərgin rəqabət şəraitində yaşayıb inkişaf edə bilsinlər. Lakin bu fəaliyyət yanlış informasiyaların yayılmasına şərait yaratmamalıdır. Yoxlanılmamış və heç bir əsası olmayan xəbər nəinki inteqrasiya proseslərinə kömək göstərmir, əksinə bəzi hallarda dövlətlər arasındakı münasibətlərə soyuqluq gətirir. Belə hallardan qaçmaq lazımdır.
Rusiya Dövlət Dumasının deputatı Tatyana Moskalkova deyib ki, bu gün inteqrasiya prosesləri məhz internet vasitəsi ilə həyata keçirilir. Cəmiyyət üzvləri hər zaman sensasiyalı xəbərlər almaq istəyirlər. Lakin cəmiyyəti məlumatlandırmaq heç də onu aldatmaq demək deyildir. Bu forum keçmiş Sovet İttifaqı ölkələrində fəaliyyət göstərən media qurumları arasında əməkdaşlıq əlaqələrini artıq yaradıb. Gələcəkdə bu əlaqələri inkişaf etdirib ölkələrin daha da yaxınlaşmasına çalışmaq lazımdır.
Rusiyanın "Rossotrudniçestvo" dövlət agentliyi rəhbərinin müavini Qriqori Muradov bildirib ki, inteqrasiya yalnız müsbət meylləri birləşdirərək gələcəyə doğru inamla addımlamaqdan ibarət olan iqtisadi əməkdaşlıqdır. Müasir dünyanın reallıqları onu deməyə əsas verir ki, sıx əməkdaşlıq olmasa, dövlətlərin iqtisadi inkişafından danışmaq əbəsdir. Kütləvi informasiya vasitələri də bu məsələləri birtərəfli deyil, hərtərəfli işıqlandırmalıdırlar. Belarus Yüksək Texnologiyalar Parkının direktoru Valeri Tsepkalo deyib ki, yeni texnologiyalardan istifadə edərək böyük biznes yaratmaq nəinki bir ölkədə, hətta bütün dünyada məşhurlaşmaq üçün müsbət haldır. Hər bir qurum bazar iqtisadiyyatı şəraitində yaşayaraq imkanlarını maksimum dərəcədə genişləndirməyə çalışır. Bunlar heç də pis hallar deyildir. Lakin bəzən internet istifadəçiləri nəinki, bir-birilərini, o cümlədən tanınmış siyasi xadimləri, hörmətli adamları təhqir edirlər. Belə hallar cəmiyyətdə haqlı olaraq etiraz doğurur. Jurnalistika elə bir sahədir ki, burada daimi olaraq insanlarla ünsiyyət qurulur. Bu ünsiyyət səmərəli olmalı, insanları maarifləndirməli və gələcəyə olan ümidləri qırmamalıdır.
Sonra forum öz işini bölmə iclaslarında üzrə davam etdirib. Bölmə iclaslarında "Dəyişən auditoriya və onunla iş metodları", "Müasir internet media qurumlarının gələcəyi", "Radio və televiziyanın fəaliyyətində yeni texnologiyaların rolu", "Yeni media qurumlarının mədəni-tarixi əsasları" və bir çox başqa məsələlər müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB