YAP Nəsimi rayon təşkilatında Ulu Öndərin anım günü

YAP Nəsimi rayon təşkilatında Ulu Öndərin anım günü

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli liderimiz Heydər Əliyevin vəfatının 9-cu ildönümü münasibəti ilə anım tədbiri keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə YAP Nəsimi rayon təşkilatı, Gənclər birliyinin idarə heyətinin üzvləri, ictimaiyyət nümayəndələri, Nəsimi rayonunda yerləşən universitetlərin prorektorları və tələbələri iştirak edib. Anım mərasimində əvvəlcə Nəsimi rayonunda yerləşən Heydər Əliyev abidəsi önünə əklil qoyulub. Daha sonra anım mərasimi YAP Nəsimi rayon təşkilatında davam etdirilib. Tədbiri giriş sözü ilə YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı açdı. O, Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan tarixində oynadığı rolu barədə məlumat verdi: "Fenomen şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən ümummilli lider Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilib. Ulu Öndər Heydər Əliyevin "şah əsəri" olan Azərbaycan onun layiqli davamçısı dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında bundan sonra uğurla inkişaf edəcək, müəyyənləşdirdiyi strateji hədəflərə uğurla çatacaq. Bugünkü anım mərasiminin əsas iştirakçıları gənclərdir. Azərbaycan gəncliyi Heydər Əliyev irsini öyrənmək , onu təbliğ etmək və zəngin ideyalarını öz əmək fəaliyyətlərində tətbiq etməyin vacibliyini çox gözəl dərk edirlər. İndi Azərbaycanın ən fəal gəncləri bu ideyalar ətrafında cəmləşiblər. Bu həyatın reallığıdır və bunu danmaq olmaz".

Daha sonra anım mərasimində YAP Nəsimi rayon təşkilatının idarə heyətinin üzvü, Nəsimi rayon icra başçısı Nəsib Məhəməliyev ulu öndərin Azərbaycan dövlətinin qurulmasında oynadığı roldan danışdı.

Anım mərasimində iştirak edən YAP Nəsimi rayon Gənclər Birliyinin idarə heyətinin üzvləri Könül Yaqubova və Səidə Abdullayeva, YAP Nəsimi rayon təşkilatının təlimatçısı Abbas Pənahov Ulu öndər Heydər Əliyev haqqında fikirlərini bildirdilər.

Tədbirin sonunda Nəsimi rayonunda yerləşən universitetlərin tələbələri və fəal gənclər çıxış etdilər. Heydər Əliyevin gənclər siyasəti ilə bağlı hazırlanan klipin təqdimatı keçirildi.

Bütün xəbərlər Facebook səhifəmizdə