25 ölkənin gəncləri bir arada

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) və Macarıstanın paytaxtı Budapeştdə yerləşən Avropa Şurasının Avropa Gənclər Mərkəzi tərəfindən həyata keçirilən "Biz bərabər iştirak üçün birlikdə çətinliklərin öhdəsindən gələ bilərik" adlı layihə başa çatıb. Tədbirdə Avropanın 25 ölkəsinin nümayəndələri iştirak edib. SİA-nın məlumatına görə, layihə zamanı iştirakçılar qaçqın, sığınacaq axtaran və məcburi köçkün olan gənclərin bilik və bacarıqlarının artırılması mövzusunda təlimləndirilib, onlar arasında bu istiqamətdə fikir mübadiləsi aparılıb və iştirakçılar təkliflərini irəli sürüblər. Bundan əlavə bu sahədə çalışan gənc QHT liderləri ilə, belə gənclərin bilik və bacarıqlarının artırılması yolları haqqında müzakirələr aparılıb. İştirakçılara Azərbaycanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyon qaçqın və məcburi köçkünün evlərindən didərgin salınması barəsində məlumat verilib.

Eləcə də tədbir zamanı Azərbaycanın Macarıstandakı səfirliyinin müşaviri Anar İmanov layihə iştirakçıları ilə görüşüb. Görüşdə Azərbaycanın miqrasiya və qaçqınlarla iş sahəsindəki fəaliyyəti və təcrübəsi haqqında məlumat verilib və iştirakçıların bununla bağlı sualları cavablandırılıb.

Sözü gedən layihə oktyabr – dekabr 2012-ci il tarixlərini əhatə edib. Layihə ərzində ARGTMŞ tərəfindən bir sıra beynəlxalq görüşlər keçirilib və səfərlər edilib. Layihə nəticəsində layihədə iştirak edən gənclər əldə etdikləri məlumatları öz ölkələrindəki gənclərlə bölüşərək qaçqın, sığınacaq axtaran və məcburi köçkün olan gənclərin cəmiyyətə qazandırılmasını təbliğ edəcəklər.

ARGTMŞ-nın nümayəndələri Budapeştdə olarkən həmçinin Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevin iştirakı ilə həyata keçirilən azərbaycanlı və macar gənclərin görüşündə iştirak edib. Görüşdə Azərbaycan Macarıstan Gənclər birliyinin əsası qoyulub. Tədbirdə təşkilatın Azərbaycan və Macarıstan tərəfindən həmsədrləri və təşkilatın tərkib hissəsi müəyyənləşdirilib.

Qeyd edək ki, görüşdə həmçinin yeni yaranan təşkilatla Azərbaycan və Macarıstan Milli Şuralarının əməkdaşlıq imkanları müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə