Millət vəkili Qarabağ həqiqətlərindən danışdı

Millət vəkili Qarabağ həqiqətlərindən danışdı

Şimali Kipr Türk Respublikasında səfərdə olan millət vəkili burada 500-ə yaxın azərbaycanlı tələbənin təhsil aldığı, tanınmış universitetlərdən biri Doğu Akdeniz Universitetinin rektoru Abdulla Öztoprak ilə görüşüb. SİA-nın məlumatına görə, görüş zamanı Azərbaycana ilk səfərini xatırlayan A.Öztopraq qısa zaman ərzində Azərbaycanla təhsil sahəsində əməkdaşlığın genişlənməsindən məmnuniyyətini vurğulayıb.

Rektor bildirib ki, bu əməkdaşlığın daha da genişlənməsi, universitetdə təhsil alan tələbələrin sayının daha da artması, onların yüksək keyfiyyətli təhsil alması istiqamətində səylərini daha da artıracaqlar. Azərbaycanı qardaş ölkə adlandıran rektor Abdulla Öztopraq millət vəkili Qənirə Paşayevaya hər zaman universitetin yaxın dostu kimi onun fəaliyyətində tədbirlərində, konfranslarında aktiv iştirak etməsinə və dəstəyinə görə təşəkkür edib. Millət vəkili Qənirə Paşayeva ŞKTC-nin azərbaycanlılar üçün qardaş olduğunu vurğulayaraq burada təhsil alan tələbələrin sayının artmasından məmnun olduğunu və böyük potensialı nəzərə alsaq, gələcəkdə bu sayın daha da artacağına inandığını deyib. Universitetin yaxşı təhsil verməsini xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva bu universiteti bitirən gənclərin yaxşı peşəkarlar kimi yetişəcəyinə inandığını deyib.

Ətraflı fikir mübadiləsi ilə keçən görüşün sonunda millət vəkili Qənirə Paşayeva Doğu Akdeniz Universitetinin rektoruna və universitetin kitabxanasına Azərbaycan həqiqətlərinə dair materiallar və özünün müəllifi olduğu Qarabağ həqiqətlərinə dair kitabları təqdim edib. Millət vəkili həmçinin universitetdə fəaliyyət göstərən Azərbaycan Tələbə Cəmiyyətinin üzvlərilə eyni zamanda azərbaycanlı tələbələrlə görüşüb və fikir mübadiləsi aparılıb.

Görüş zamanı millət vəkili Qənirə Paşayeva gəncləri Azərbaycan, Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə daha geniş çatdırılması, qondarma "erməni soyqırımı" yalanlarına qarşı mübarizədə virtual məkanın, sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə çağırıb: "Hər kəsin sosial şəbəkələrdə çoxlu xarici dostları var. Onlarla ünsiyyətdə Azərbaycan, Dağlıq Qarabağ həqiqətləri barədə müəyyən məlumatlar vermək imkanına malikdir, gənclər bu istiqamətdə daha fəal olmalıdır".

Tədbirin sonunda 490 azərbaycanlı tələbənin təhsil aldığı Doğu Akdeniz Universiteti Azərbaycan Tələbə Cəmiyyətinin sədri Elçin Süleymanov Azərbaycan Tələbə Cəmiyyətinin Fəxri Qadın Prezidenti adını vermələri ilə bağlı diplomu tələbələr adından millət vəkili Qənirə Paşayevaya təqdim edib. Tələbələrin bu addımının onun üçün gözəl bir sürpriz olduğunu deyən Qənirə Paşayeva onlara təşəkkür edib.

Bütün xəbərlər Facebook səhifəmizdə