Etibarnamələrin ləğvi aktuallaşır

Etibarnamələrin ləğvi aktuallaşır

Azərbaycanda etibarnamə əsasında avtomobillərin alqı-satqısı, etibarnamə ilə nəqliyyat vasitələrinin idarə olunması ilə bağlı yaranan problemlər etibarnamələrin ləğv olunmasını aktuallaşdırıb. Millət vəkili Çingiz Qənizadə trend-ə bildirib ki, etibarnamə sisteminin ləğv olunmasının tərəfdarıdır. O deyib ki, etibarnamə ilə satılan avtomobillər çox zaman alan tərəf üçün problemlər yaradır. Millət vəkili hesab edir ki, etibarnamələrin verilməsi proseduru vətəndaşlar və hüquqi şəxslər üçün inzibati maneələr yaradır. Belə ki, avtomobilin əvvəlki sahibinin bank borcu yaranarsa, ailədə tərəflər arasında boşanma olarsa, o zaman avtomobili etibarnamə ilə alan şəxs üçün problem yaranır, nəqliyyat vasitəsi müsadirə oluna, ona həbs qoyula bilər.

Millət vəkili avtomobilin etibarnamə ilə idarə edilməsinin də tərəfdarı deyil. Buna ehtiyac görməyən Qənizadə hesab edir ki, nəqliyyat vasitəsini idarə etmək üçün texniki pasport və sürücülük vəsiqəsinin olması kifayətdir. Onun sözlərinə görə, küçə və yollarda quraşdırılmış kameralar və texniki avadanlıqların köməyi ilə qaçırılan, axtarılan avtomobil barədə məlumat almaq, onun yerini müəyyən etmək mümkündür.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu sistemin hazırki dövrdə ləğvini məqsədəmüvafiq saymır. Komitə sədri gələcəkdə bu sahədə etibarnamələrin ləğvini mümkün sayır. Onun fikrincə, həm nəqliyyatın elektron idarəetməsi, həm yol polisinin fəaliyyətində elektron üsulların tətbiqi, həm də cərimələrin elektron tətbiqi mükəmməl bir səviyyədə formalaşandan sonra, etibarnamələrin ləğvi mümkündür: "Hazırda bu sahədə vəziyyət qənaətbəxş olmadığı üçün etibarnamələrin ləğv olunması aktual deyil".

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə deyib ki, avtomobillərin alqı-satqısı zamanı etibarnamə ləğv edilərsə, avtomobillərin oğurlanması, qaçırılması faktlarının sayı artacaq.

Qeyd edək ki, Polşada, Türkiyədə və Belarusda nəqliyyat vasitələrini idarəetmə hüququ verən etibarnamələr ləğv olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə