“Heydər Əliyev idarəçiliyində gənclərin rolu”

“Heydər Əliyev idarəçiliyində gənclərin rolu”

Bu gün Lənkəran şəhərində Heydər Əliyev Mərkəzində "Heydər Əliyev idarəçiliyində gənclərin rolu" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Ulu öndərin xatirəsinə həsr olunan 10 günlük tədbirlər proqramı çərçivəsində təşkil edilən mərasimə rayonun dövlət və qeyri dövlət sektorunda fəaliyyət göstərən fəal gənclər qatılıb.

Dəyirimi masanı Heydər Əliyev Mərkəzinin direktoru Seyidzadə Şəfiyeva açaraq əvvəlcə mərkəzin fəaliyyət prinsipi, sonra mövzu haqqında iştirakçılara məlumat verib.

Sonra Gənclər və İdman idarəsinin əməkdaşı Məhəmməd Abasquliyev Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə həyata keçirilən gənclər siyasəti haqqında danışaraq bildirib ki, Ümummilli Liderin hakimiyyətə ikinci qayıdışından sonra ölkə vətəndaşlarının həyat şəraitinin, rifah halının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülməyə başlanıb. Bu mənada cəmiyyətin bir təbəqəsi kimi gənclərə də dövlət qayğısı artıb. Tədbir digər iştirakçıların çıxışları ilə davam edib.

Lənkəran Rayon Məhkəməsinin böyük məsləhətçisi Zaur Qasımov, Şəhər Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Ramin Höccətov, Heydər Əliyev Mərkəzinin elmi-işçisi Qadir Kazımov, Yeni Azərbaycan Partiyası Lənkəran şəhər təşkilatının Gənclər Birliyinin sədr müavini Samir Salayev, "Yaşıl çay" fermer təsərrüfatının rəhbəri Araz Yağubov və digərləri Heydər Əliyevin apardığı gənclər siyasəti və nəticələri haqqında danışıblar.

Çıxış edənlər bildiriblər ki, bu gün Azərbaycan gəncinin dövrün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvəsi kimi formalaşmasında, birmənalı olaraq, Heydər Əliyevin başlatdığı və hazırda ölkəmizin başçısı cənab İlham Əliyevin müvəffəqiyyətlə həyata keçirdiyi gənclər siyasətinin mühüm rolu olub. Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri kimi hesab etməklə gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirər, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verər, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiamətlərindən biri kimi dəyərləndirərdi. Məhz buna görədir ki, müasir Azərbaycan gənci istər şəxsi, istərsə də ictimai-siyasi həyatda qazandığı bütün uğurlara görə xalqın böyük oğlu Heydər Əliyevə borcludur.

Dəyirmi masanı yekunlaşdıran S.Şəfiyeva bir daha gəncləri dövlətimizin başçısı cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə çağırıb.

Tədbirdən sonra Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olmaq məqsədi ilə binanın daxilində gəzinti təşkil edilib. İştirakçılara mərkəzdə fəaliyyət göstərən Heydər Əliyev muzeyi, gənclər üçün nəzərdə tutulan müxtəlif xarakterli xidmətlər, elektron kitabxana və digərləri haqqında məlumat verilib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə