DMX-yə 6.276 müraciət daxil olub

DMX-yə 6.276 müraciət daxil olub

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (DMX) miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması ilə bağlı tədbirləri noyabrda da davam etdirib.

DMX-dən bildiriblər ki, noyabr ayında 1931 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib. Qanunvericiliyə uyğun olaraq Azərbaycan respublikasında olma və yaşama əsasları olduğuna görə saxlanılan əcnəbilərdən 292 nəfərinə cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb. Qalan 1520 əcnəbi barəsində respublikanı 48 saat ərzində tərk etməsi, 119 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar qəbul olunub. İnzibati qaydada ölkədən çıxarılıb və ölkə ərazisinə daxil olmalarına məhdudiyyət qoyulmuş əcnəbilərdən Rusiya (28 nəfər) Türkiyə (27 nəfər) vətəndaşları üstünlük təşkil ediblər.

Ümumiyyətlə, ay ərzində inzibati xəta törətmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərdən 1488 nəfəri İnzibati Xətalar Məcəlləsinin 339.1.1-ci (Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, habelə qeydiyyatsız yaşama), 176 nəfəri 339.1.2-ci (etibarsız sənədlərlə Azərbaycan Respublikasının ərazisində olma və ya yaşama), 27 əcnəbi 339.1.4-cü (işə düzələrkən qanunvericilikdə müəyyən edilmiş qaydaları pozma), 5 əcnəbi 339.1.6-cı (qanunvericilikdə müəyyən edilmiş qalma müddəti qurtardıqdan sonra getməkdən boyun qaçırma) maddələri ilə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla 300 manatdan 400 manatadək məbləğdə cərimə ediliblər. 116 əcnəbi isə 16 yaşı tamam olmadığı üçün inzibati məsuliyyətə cəlb olunmayıb.

Həmçinin işəgötürənin ölkə qanunvericiliyinin tələbləri pozulmaqla fərdi icazə alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi hallarının qarşısının alınması məqsədilə DMX-nin əməkdaşları tərəfindən bir sıra sahibkarlıq subyektlərində yoxlamalar aparılıb. Nəticədə 13 sahibkarlıq subyektində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması halları aşkar olunub. Fərdi icazə alınmadan qanunsuz əmək fəaliyyətinə cəlb edilmiş əcnəbilər əsasən Türkiyə, Çin və Gürcüstan vətəndaşlarıdırlar.

Ay ərzində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 6276 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılmış və müvafiq qərarlar qəbul edilib.

Miqrasiya sahəsinə dövlət nəzarətinin gücləndirilməsi istiqamətində Dövlət Miqrasiya Xidməti tərəfindən müvafiq tədbirlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə