ATGTİ beynəlxalq tələbə proqramında təmsil olunacaq

ATGTİ beynəlxalq tələbə proqramında təmsil olunacaq

9–13 dekabr tarixlərində Avropa universitetləri arasında ən nüfuzlu əməkdaşlıq forması olan "TEMPUS" proqramı çərçivəsində İtaliyanın Akvila (L`Aquila) şəhərində Akvila Universitetinin təşkil etdiyi "Tələbə Dəstək və İnkişaf Xidmətləri" (Student Support and Development Services) adlı beynəlxalq layihənin ilk görüşündə ölkəmizi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) üzvü Rəşad Paşazadə təmsil edəcək. SİA-nın verdiyi xəbərə görə, görüş ərzində Qərbi Avropa, Mərkəzi Asiya və Qafqazda təhsil alan onlarla universitelərin nümayəndələri bir araya gələrək, təmsil etdikləri regionların təhsil proqramlarının prioritetlərini, Şərqi və Qərbi Avropadakı tələbələr arasında elmi müstəvidə tələbə əlaqələrinin genişləndirilməsi məsələlərini müzakirə edəcəklər.

ATGTİ-nin təmsilçisi görüş zamanı təşkilatın beynəlxalq tələbə mübadiləsi təcrübəsini və bu sahədə gələcək fəaliyyət planlarını layihə iştirakçılarının diqqətinə çatdıracaq. Eyni zamanda görüş çərçivəsində geniş tələbə kütləsi müxtəlif sosial mövzuları əhatə edən fundamental araşdırmalarla da tanış olacaqlar.

Qeyd edək ki, Azərbaycandan bu layihəyə ölkəmizin aparıcı universitetlərindən olan Bakı Dövlət, Qafqaz və Xəzər Universitetləri, yeganə QHT kimi isə ATGTİ qoşulub. Təşkilatımız layihənin hazırlıq və reallaşma mərhələsinin rəsmi tərəfdaşıdır. Öz növbəsində isə "TEMPUS" proqramı Qərbi Balkanlar, Şərqi Avropa, Mərkəzi Asiya, Yaxın Şərq və Şimali Afrikadan 27 ölkədən müxtəlif ali təhsil müəssisələrini özündə birləşdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə