1064 nəfər işlə təmin olunub

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə Azərbaycan Texniki Universitetində "Karyerada ilk addım" devizi altında aktiv məşğulluq tədbiri keçirilib. Tədbirin açılışında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov və Azərbaycan Texniki Universitetinin rəhbərliyi tədbirin təşkilati vəziyyəti və təqdim olunan boş iş yerlərilə tanış olublar. "Karyerada ilk addım"-da Bakı,Sumqayıt şəhərlərində və Abşeron rayonunda fəaliyyət göstərən 29-u dövlət, 93-ü isə qeyri-dövlət sektoruna aid ümumilikdə 122 işəgötürən müəssisə və təşkilat iştirak edib. Həmin müəssisələr tərəfindən 1295 boş iş yeri tələbə və məzunların seçiminə təqdim olunub. Yarmarkada tələbələr üçün təklif olunan boş iş yerləri arasında həm tam ştatlıq, həm də yarım ştatlıq olub.

Məlumat üçün bildirək ki, ali təhsil müəssisələrində "Karyerada ilk addım" devizi altında aktiv məşğulluq tədbirlərinə 2007-ci ildən başlanılıb. Bu tədbirlərdə 1310 işəgötürən təşkilat 8714 baş iş yeri təqdim edib. Tədbirlərdə iştirak edərək boş iş yerlərinə göndəriş verilmiş 2402 nəfərdən 1064 nəfəri müsabiqədə işlə təmin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə