İvanişvilidən ermənilərə ilk “hədiyyə”

İvanişvilidən ermənilərə ilk “hədiyyə”

Cavaxetiyada aparılan axtarış əməliyyat tədbirləri zamanı ermənilərdən xeyli silah-sursat müsadirə olunub

Gürcüstanın yeni hökuməti ermənilərə qarşı sözdə deyil, əməldə mübarizə aparmaq qərarına gəlib. Bidzina İvanişvili əvvəlki hökumətlərdən fərqli olaraq Cavahetiyadakı erməni separatizminə qarşı sərt tədbirlər görməyə başlayıb. Məlumata görə, Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları ölkənin şərq hissəsində Samste-Cavahetiya bölgəsinin Azpindz rayonunun Damal kəndi ərazisində genişmiqyaslı əməliyyat-axtarış tədbirləri həyata keçiriblər. Nəticədə xeyli sayda döyüş sursatı, silah müsadirə olunub. DİN-in mətbuat xidmətinin yaydığı məlumata görə, Vrej M. adlı erməninin evindən Kalaşnikov avtomatları, onlar üçün patronlar, ov tüfəngləri və s. silahlar aşkarlanıb. Məlumatda bildirilib ki, saxlanılan şəxs günahlarını boynuna alıb. Gürcüstan DİN tərəfindən odlu silahların qanunsuz saxlanılması, daşınması və yaxud silahlı vasitələrin reallaşdırılması ittihamı üzrə cinayət işi başladılıb. Vrej M-in vəkilləri bununla bağlı kütləvi İnformasiya Vasitələrinə hər hansı bir şərh verməyiblər.

Beləliklə, yeni gürcü hökuməti proqnozlaşdırıldığı kimi ermənilərə qarşı sərt addımlar atmaqda israrlıdır. Bu onu göstərir ki, baş nazir Bidzina İvanişvili oktyabrın 1-də keçirilən seçkilərdən sonra verdiyi sözün üstündə durmuş olub. Söhbət baş nazirin separatizmə qarşı mübarizə aparmaq istəyində olması barədə səsləndirdiyi bəyanatından gedir. Qərb jurnalistinə verdiyi açıqlamada İvanişvili ölkə ərazisində yaşayan ermənilərin Ermənistanda niyə yaşamadıqları barədə fikir səsləndirmişdi. Bəzi məlumatlara görə, İvanişvili ölkə ərazisində yaşayan ermənilərin, eləcə də Ermənistan hökumətinin prezident Mixail Saakaşvilini müdafiə etməsindən də rəncidə olub. Bəlli olduğu kimi, ermənilər oktyabrın 1-də keçirilən seçkilərdə bütünlüklə Mixail Saakaşvilinin "Vahid Milli Hərəkat" partiyasına səs veriblər. Görünür, bu səbəbdən də İvanişvili onlardan bir növ qisas almaq istəyir. Ekspertlər qeyd edir ki, ermənilər onlara qarşı həyata keçirilən sərt tədbirlər fonunda dinc durmayacaqlar. Separatizm əhval-ruhiyyəsi ilə alışıb yanan ermənilər nəyin bahasına olursa-olsun Cavahetiyanın Ermənistana birləşdirilməsinə çalışacaqlar. Elə silah-sursat faktı da çox şeydən xəbər verir. Yerli müşahidəçilər hesab edir ki, silah-sursat axtarışı geniş miqyaslı aparılarsa, bu çox ciddi nəticələrə səbəb ola bilər. Yəni yaxın vaxtlarda ermənilərin kütləvi aksiyalarının şahidinə çevrilə bilərik.

Ümumiyyətlə, ermənilərin bölgədə silah-sursat anbarları yaratması barədə çoxsaylı faktlar var. Yəqin ki, bu səbəbdən də yeni hökumət adekvat addımlar atmaq qərarına gəlib. Şübhəsiz ki, bu silahların bir mənbəyi var - Ermənistan. Silahları ermənilər həmçinin Gürcüstanda vaxtilə yerləşmiş Rusiya hərbi bazasından da alıblar. İvanişvili hökuməti də bunları bilməmiş deyil. Yeni hökumət çox gözəl anlayır ki, bu silahlar istənilən an ona qarşı çevrilə bilər. İvanişvili yəqin ki, separatçıların Gürcüstanda Dağlıq Qarabağ ssenarisini təkrarlanmamaları üçün tərki-silah tədbirlərinə əl atır. Heç kimə sirr deyil ki, separatçılar işğal olunmuş Dağlıq Qarabağda tərəfdarlarını rus qoşunlarının köməyi ilə əvvəlcə silahla təchiz etdilər. Bundan sonra da müharibəyə başladılar. Eyni ssenariyə də hazırda Cavahetiyada da hazırıq gedir.

O ki qaldı Rusiyaya, Kreml Rusiyayönümlü olduğu bildirilən İvanişvili ilə ünsiyyət qurmağa hələ də tələsmir. Yəqin ki, burada da erməni faktoru var. Moskva çox güman ki, Cavahetiya faktorunu əlində "kozır" kimi saxlamağa üstünlük verəcək. Heç kimə sirr deyil ki, Rusiya Cənubi Qafqazda əsas forpostu hesab etdiyi Ermənistanı hər vəchlə müdafiə edib və bundan sonra da edəcək. Bu səbəbdən də Gürcüstanla Rusiya arasında münasibətlər hələ əvvəlki kimi qalmaqda davam edəcək.

Yeri gəlmişkən, erməni mətbuatında Gürcüstan hökuməti qarşısında qondarma erməni soyqırımının tanınması ilə bağlı şərtlər də irəli sürülür. Bu yaxınlarda erməni təşkilatlarından biri bəyan edib ki, Yerevanla Tbilisi arasında mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsi yalnız Cavaxetiya ermənilərinin problemlərinin həlli halında mümkündür.

"Ermənistan-Gürcüstan münasibətlərində əsas maneələrdən biri Cavaxetiya ermənilərinin vətəndaş, din, dil, mədəni-təhsil hüquqlarının qorunması ilə bağlı vəziyyətdir. Münasibətlərin möhkəmlənməsi üçün onların qarşısında duran bir sıra problemlərin həlli vacibdir. Bunlar Cavaxetiyada erməni dilinə status verilməsi, ermənilər arasındakı ictimai xadimlərin təqibinə son qoyulması, bəzi erməni xadimlərin Gürcüstan ərazisinə daxil olmasına qadağanın aradan qaldırılması, Cavaxetiyadakı erməni məktəblərində erməni dili fənni dərslərinin sayının artırılması və sairdir" - deyə onların bəyanatında bildirilir. Gürcüstanın ermənilər yaşayan Cavaxetiya bölgəsinin Rusiyadakı diasporu da Gürcüstan hakimiyyətinə və müxalifətinə, həmçinin ictimaiyyətinə səslənərək ölkədən qondarma "erməni soyqırımı"nın tanınmasını istəyən müraciət qəbul edib. Dünyanın müxtəlif ölkələrində qondarma soyqırımın tanındığının xatırlandığı müraciətdə Gürcüstan prezidentindən, parlamentindən məsələni qanuniləşdirmək xahiş olunur. Sənəddə vurğulanır ki, 1915-1923-cü illərdə Osmanlı İmperiyası daxilində baş verənlərin soyqırım kimi qəbulu Gürcüstanın dünyadakı nüfuzunun artmasında müstəsna rol oynayacaq. Göründüyü kimi, ermənilər 24 aprel tarixinə hesablanmış müraciətləri ilə yeni Gürcüstan hökumətinə təzyiq göstərmək yolu tuturlar.

Xatırladaq ki, Yerevanda fəaliyyət göstərən "Cavah" cəmiyyəti, "Mitk" analitik mərkəzi, "Yerkir" birliyi, Virk Partiyası və "Cavah" xalq hərəkatı Cavahetiyanın "qədimdən ermənilərin məskunlaşdığı ərazi olduğu"nu daima bildirir və guya, XVIII əsrin sonlarında bu bölgənin erməni əhalisinin böyük hissəsinin itirilməsi və bir hissəsinin başqa yerlərə köçməsi, bir hissəsinin isə sadəcə, məhv edilməsi haqqında əsassız, dəlilsiz məlumatlar yayırlar. Hazırda Cavahetiya erməniləri Gürcüstandan muxtariyyət tələb edir və zaman-zaman bu məsələni qaldırırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə