Bu gün Bakının Xətai rayonunda yerləşən 55 N-li orta məktəbdə millət vəkili Aydın Mirzəzadənin "Qarabağ Düyünü" kitabının təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, kitab məktəbin müəllim və şagird kollektivi tərəfindən böyük maraqla qarşılanıb.
Təqdimat mərasimində millət vəkili Aydın Mirzəzadə, Bakı şəhəri üzrə məktəbdənkənar təhsil şöbəsinin müdiri Qənirə Soltanova, "Azərbaycan müəllimi" qəzetinin əməkdaşı Şakir Cəfərov, Xətai rayon 56 saylı məktəbin direktoru Hicran Qarabəyli iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açılıb. Daha sonra vətən uğrunda canlarından keçən soydaşlarımızın əbədi xatirəsi sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İradə Dadaşova bildirdi ki, kitabda Dağlıq Qarabağın 200 illik tarixi öz əksini tapıb. "Kitabda Dağlıq Qarabağ probleminin yaranması, mərhələri geniş təhlil olunub. Bu problemə beynəlxalq təşkilatların münasibəti əks olunub. Həmçinin kitabda 18 xəritə, 70 fotoşəkil öz əksini tapıb. Kitabda vətəni üçün çarpışan insanın nəfəsi duyulur".
Daha sonra tədbirdə məktəbin müəllim kollektivi çıxış üçün söz alıb. Məktəbin tarix müəllimi Zümrüd Həsənquliyeva bildirib ki, Azərbaycan öz bayrağını Şuşada qaldıracaq. Tarix müəllimi Elnarə Rüstəmova isə nitqində bildirib ki, kitab xalqın arzularından qaynaqlanıb. Tədbirdə məktəbin tarix müəllimi Ülviyyə İsmayılova kitabdan götürülmüş şəkillərlə slayd təqdim edib. Kitabdan sitatlar gətirib. Həmçinin erməni qızının Azərbaycan prezidenti İlham Əliyevə ünvanlanmış məktubu və cavabını səsləndirib.
Daha sonra tədbirin qonaqları Bakı Şəhəri üzrə məktəbdənkənar təhsil şöbəsinin müdiri Qənirə Soltanova və Xətai rayon 56 saylı məktəbin direktoru Hicran Qarabəyli kitabın əhəmiyyətindən danışıblar.
Sonda "Qarabağ Düyünü" kitabının müəllifi millət vəkili Aydın Mirzəzadə məktəbin kollektivini kitaba verdiyi böyük önəmə görə minnətdarlığını bildirib. "Qarabağ Düyünü" kitabının 4 illik əməyin nəticəsi olduğunu bildirən millət vəkili "Azərbaycanın bu məsələdə tutduğu mövqe Dağlıq Qarabağ probleminin tezliklə həllinə gətirib çıxaracaq. Kitabda tarixi sənədlərə və beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinə dair qərar və qətnamələrinə, mövzu ilə bağlı əlavə materiallar yerləşdirilib. Burada həmçinin 18 xəritə, 70 şəkil yer alıb ki, onların bir qismi ilk dəfədir işıq üzü görür. Bundan əlavə, ermənilərin İrandan indi Ermənistan ərazisinə köçürüldüyünü fakt kimi sübut edən A.Qriboyedovun Rusiya Çarına məktubu da yer alıb. Gələn ildən başqa dillərə tərcümə edilərək xarici ölkələrdə yaşayan oxuculara təqdim olunacaq. Gələcəkdə bu mövzu ilə bağlı oxucuda Dağlıq Qarabağ və onun ətrafında yaranan problem haqqında düzgün təəssürat yarada bilən daha çox yeni tədqiqat əsərlərinin olmasını arzulayıram".
Sonda məktəbin şagirdləri millət vəkilinə öz suallarını ünvanladılar.
.jpg)
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB