Ankarada bir gün

Ankara Türkiyə Cümhuriyyətinin paytaxtı, İstanbuldan sonra ölkənin ən böyük ikinci şəhəridir. Şəhər Anadolunun mərkəzində, böyük Anadolu yaylasının şərq hissəsində, dəniz səviyyəsindən 900-1300 metr yüksəklikdə yerləşir. Ankara şimaldan Çankırı və Bolu, qərbdən Əskişəhər, cənubdan Konya və Aksaray, şərqdən isə Kırıkkale və Kırşəhər illəri ilə həmsərhəddir.

Belə ki, bölgənin tarixi tunc dövrünə gedib çıxır. Eradan əvvəl II minillikdə burada xəttlər öz sivilizasiyalarını qurmağa müvəffəq olublar. Sonralar burada finikiyalılar (e.ə. X əsr), lidiyalılar və farslar yaşayıblar. Eradan əvvəl III əsrdə qalatlar və kelt tayfaları bura gəldikdən sonra Ankaranı ilk dəfə paytaxt ediblər . O zamanlar Ankira adı ilə tanınırdı ki, bu da "lövbər" mənasını verir. Şəhər mütəmadi olaraq romalıların, bizanslıların və səlcuqilərin (1073), sonralar isə osmanlıların (1402) hakimiyyəti altında olmuşdur. XIX əsrə kimi şəhərin şərqə gedən karvan yollarının üzərində ticarət əhəmiyyətli rol oynayıb.

Mustafa Kamal Atatürkün Qurtuluş savaşını buradan idarə etməsi ilə Ankara yenidən mərkəz oldu. 1920-ci ilin aprelində Ankarada Türkiyə Böyük Millət Məclisi təsis edildi və Osmanlı hakimiyyətinə alternativ hökumət quruldu. Şəhərin müharibə zamanı əhəmiyyətli rolu və strateji mövqeyi nəzərə alınaraq 1923-cü il oktyabr ayının 13-ü Ankara yeni Türkiyə Cümhuriyyətinin paytaxtı elan edildi.

Ankaranın ən əhəmiyyətli nöqtəsində yerləşən tikili Atatürkün dəfn edilməsi üçün inşa edilən və 1953-cü ildə tamamlanan ehtişamlı Anıtqəbir mavzoleyidir. Şəhərin ən əski bölümləri tarixi qalanı əhatə etməkdədir. Qalanın daxilində yerləşən XII əsrə aid Alaaddin məscidi Osmanlılar tərəfındən dəyişdirilməyə cəhd edilsə də Səlcuqilərin taxta sənətkarlığının gözəl nümunələrini sərgiləyir.

Hisar qapısının yaxınlığında gözəl şəkildə bərpa edilmiş Bədəstəndəki Anadolu Mədəniyyətləri Muzeyində Paleolit, Neolit dövrlərinə və Xett, Frigiya, Urartu və Roma mədəniyyətlərinə aid əsərlər yer almaqdadır.

Roma dövrünə aid III əsrdən qalma hamamlar, IV əsrə aid Yuli sütunu və II əsrdən qalma korinf stilində inşa edilmiş İmperator Avqust məbədi Ulus meydanının yaxınlığında qalanın ətrafında yerləşirlər. Qala yaxınlığında Roma teatrı və həmin ərazidə XV əsrdən qalma Hacı Bayram Məscidi və türbəsi yer almaqdadır.

Səlcuqi taxta qapı oymaçılığının şah əsərlərinin və digər məişət əşyalarının sərgiləndiyi Etnoqrafiya muzeyinin yanında yerləşən rəsm və heykəl muzeyində türk incəsənətindən seçmələr nümayiş etdirilir.

Qeyd edək ki, Ankaradakı ən böyük məscid olan Kocatəpə məscidi 1976-1987-ci illər arasında Osmanlı memarlıq stilinə uyğun olaraq tikilmişdir. Kontinental iqlimin hökm sürdüyü Ankarada, qış soyuq və qarlı, yay isə isti və quraqlıqdır. Yağışlar ən çox yaz mövsümündə yağır. Qarın yerdə qalma müddəti orta hesabla 62 gündür. Gecə ilə gündüz, yay ilə qış mövsümü arasında əhəmiyyətli istilik fərqləri vardır. Ən isti aylar iyul (ortalama 23,4 °C) və avqust, ən soyuq aylar isə yanvar (ortalama 0,6 °C) və fevral (ortalama 1 °C) olaraq təyin olunub.

Türkiyə - Ankara

Bütün xəbərlər Facebook səhifəmizdə