MDB-nin Aşqabad sammiti başlayır

MDB-nin Aşqabad sammiti başlayır

Azərbaycanın Qəbələ və Ermənistanın Gümrü şəhərləri "MDB-nin mədəniyyət paytaxtı" olmaq uğrunda mübarizə aparacaqlar

Bu gün Aşqabadda MDB dövlət başçılarının sammiti keçiriləcək. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov sammitin gündəliyini açıqlayıb. Onun sözlərinə görə, bu günkü görüş Türkmənistanın Birliyə sədrliyi çərçivəsində sonuncu olacaq.

Sammit iştirakçılarının 20-yədək məsələni müzakirə edəcəyi gözlənilir. Türkmənistanın təşəbbüsü ilə MDB-yə üzv ölkələrin hərtərəfli əməkdaşlığının inkişafı ilə bağlı bəyannamənin qəbulu planlaşdırılır. Bundan başqa, MDB valyuta bazarında əməkdaşlığa dair saziş də imzalanmalıdır. Sənəd milli valyutalardan xarici siyasət və maliyyə xidmətləri sahəsində istifadənin genişləndirilməsini nəzərdə tutur.

Sammitdə 2013-cü il üçün MDB-yə sədrlik Belarusa keçəcək və Sergey Lebedevin növbəti üç il üçün MDB-nin icraçı katibi vəzifəsinə yenidən seçildiyi elan ediləcək.

MDB ölkələrinin başçıları 2013-cü ilin MDB-də iqtisadi mədəniyyət və ətraf mühitin mühafizəsi ili elan edilməsi barədə qərar qəbul edəcəklər.

Böyük Vətən Müharibəsində qələbənin 70-ci ildönümünün qeyd edilməsi ilə bağlı qərarın qəbulu da gözlənilir.

Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən məsələ "MDB-nin mədəniyyət paytaxtı"nın seçilməsi olacaq. Bu il üçün namizədlər Azərbaycanın Qəbələ, Ermənistanın Gümrü və Belarusun Moqilyov şəhərləridir.

MDB ölkələrinin rəhbərləri müqavilə-hüquq bazasının müasirləşdirilməsini də müzakirə edə bilərlər. Rusiyan prezidentinin köməkçisi deyib ki, Rusiya, Belarus, Ukrayna və Ermənistanda azad ticarət zonası ilə bağlı müqavilə qüvvədədir. Qazaxıstan və Moldovada müqavilə dekabrın 8-9-da qüvvəyə minir. Yaxın vaxtlarda Qırğızıstanın da müqaviləni ratifikasiya edəcəyi gözlənilir. "Sənəd onu imzalamayan ölkələr - Azərbaycan və Türkmənistan üçün də açıqdır", - Yuri Uşakov bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə