2012-2013-cü illər payız-qış mövsümünə hazırlıq məqsədilə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi, "Azəryolservis" ASC tərəfindən əmr hazırlanaraq aidiyyatı yol istismar müəssisələrinə göndərilib. Həmin əmrin icrası məqsədilə hər bir istismar müəssisəsində tədbirlər planı hazırlanaraq bu işin həllinə başlanılıb. Bunu "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev SİA-nın suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, artıq xeyli vaxtdır ki, təhlükəsizlik tədbirləri həyata keçirilir: "Buna misal olaraq onu göstərə bilərik ki, hər bir istismar müəssisəsi xidmət etdiyi əraziyə baxış keçirməli və bütün mövcud nöqsanların aradan qaldırılması istiqamətində işlər görməlidir. Yol texnikası, maşın-mexanizmlər, nəqliyyat vasitələrinin saz vəziyyətə gətirilməsi, lazımi qədər texniki duz, qum və digər yanacaq, sürtkü materiallarının ehtiyyatının görülməsi, işçilərin xüsusi geyimlərlə təmin olunması istiqamətində lazımi addımlar atılır. Bundan əlavə qeyd edə bilərəm ki, "Azəryolservis" ASC-də qərargah yaradılıb və 24 saat ərzində fəaliyyət göstərən növbətçilik rejimi təşkil edilib. Operativ növbətçilər tərəfindən sutka ərzində avtomobil yollarında görülən işlərlə bağlı bütün məlumatlar qeydə alınır. Bütün proses Nəqliyyat Nazirliyinin tam nəzarətindədir. Belə ki, qarlı-şaxtalı hava şəraitində yarana biləcək problemlərin aradan qaldırılması üçün kifayət qədər işçi qüvvəsi, texnika və materiallar vardır".
P.Mürsəliyev körpülərin istilik sistemləri ilə təmin olunmasına da aydınlıq gətirib: "Biz "Ramstor" körpüsündə belə bir işlər həyata keçirmişik. Keçən il olduğu kimi bu ildə qızdırıcı sistemlər həmin yerdə işləyəcək. Yaxın gələcəkdə biz müxtəlif körpülərdə də həmin istilik sistemini tətbiq etmək fikrindəyik".
"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri həmçinin qarşıda görülməsi planlaşdırılan işlər haqqında da məlumat verib: "Hazırda Ziya Bünyadov prospektində yeni yol qovşaqların tikintisi həyata keçirilir. Bütün bu qovşaqların tikintisi başa çatıdırıldıqdan sonra biz eyni zamanda prospektin əsaslı şəkildə yenidən qurulması işlərinə start verəcəyik. Hazırda layihələndirmə işləri davam edir. Belə ki, qovşaqların tikintisindən sonra Ziya Bünyadov prospekti yenidən qurulacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB