Köhnə binada qəzalı vəziyyət yaranıb

Köhnə binada qəzalı vəziyyət yaranıb

Şabranın Ağalıq kəndində köhnə binada baş verənlər gecə saatlarında sakinləri qorxuya salıb. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, binanın tavanı əyilməyə başlayıb. Gecə saatlarında binada qəzalı vəziyyət yaranıb, sakinlər bir an qorxu içində qalıblar. 1950-ci ildə inşa edilmiş binada indiyədək heç bir təmir işləri aparılmadığından uçma təhlükəsi yaranıb.

Bina uçulmağa başlayan an sakinlər dərhal FHN-nin Şimal Regional Mərkəzinə xəbər veriblər. FHN-nin Şimal Regional Mərkəzindən xilasedicilər cəlb olunaraq qəzalı binada yaşayanları 2 saat ərzində evakuasiya edərək, Ağalıq kəndindəki xəstəxanaya yerləşdiriblər.

Xəstəxanaya yerləşdirilən ailələr soyuq havada elektrik sobası ilə qızınmağa məcbur olublar. Binadan çıxarılan ailələrin xeyli hissəsi yaxin qohumlarının evində yerləşdirilib. 11 ailədən 3-ü kəndin Sahə Xəstəxanasındadır.

Bina Şabran RPŞ tərəfindən nəzarətə götürülüb. Polis əməkdaşları binaya kimsənin daxil olmasına imkan vermirlər.

Emin Kərimov, Şabran

Bütün xəbərlər Facebook səhifəmizdə