ƏƏSMN qalibləri mükafatlandırdı

Əlillərin VIII ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib
ƏƏSMN qalibləri mükafatlandırdı

Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) təşkilatçılığı ilə keçirilmiş əlillərin VIII ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olub.

ƏƏSMN-in ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, mərasimdə nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Asəf Əliyev əlilliyi olan şəxslərin istedad və bacarıqlarının aşkar edilərək cəmiyyətə təqdim olunması, yaradıcılıq nümunələrinin təbliği, beləliklə, onların cəmiyyətə fəal inteqrasiyasına şərait yaradılması baxımından belə tədbirlərin xüsusi önəm kəsb etdiyini deyib.

Daha sonra sərgi-müsabiqədə fərqlənən 30 əlilə mükafatlar təqdim olunub. Eyni zamanda, 6 iştirakçıya həvəsləndirici diplomlar, sərgi-müsabiqənin yer tutmayan iştirakçılarının hər birinə isə maddi yardım və təşəkkürnamə verilib.

Sərgi-müsabiqənin iştirakçıları ürək sözlərini ifadə edərək, onların yaradıcılığına göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Ölkəmizin müxtəlif bölgələri üzrə 145 əlil və sağlamlıq imkanı məhdud uşağın ümumilikdə 500-dək əl işi sərgi-müsabiqədə nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə