Terminologiya Komissiyasının üzvləri müəyyənləşdi

Terminologiya Komissiyasının üzvləri müəyyənləşdi

Nazirlər Kabineti Azərbaycanda yeni yaradılan Terminologiya Komissiyanın üzvlərini təsdiq edib. SİA-nın verdiyi məlumata görə, Komissiyanın üzvü Sayalı Sadıqova trend-ə bildirib ki, üzvlər Baş nazir Artur Rasizadənin imzaladığı sərəncamla təsdiqlənib.

Komissiyanın üzvü olmaq üçün 30 nəfərin namizədliyi verilsə də, onlardan yalnız 16-sının üzvlüyü təsdiqlənib. Komissiyanın sədri AMEA prezidenti Mahmud Kərimovdur. Komissiyanın üzvləri dilçilik, ədəbiyyyatşünaslıq, incəsənət sahəsində çalışan aparıcı şəxslərdir.

Komissiyanın üzvləri arasında AMEA-nın Terminologiya Komissiyasının sədri müavini olan Sayalı Sadıqova, AMEA-nın müxbir üzvləri Kamal Abdulla, Tofiq Hacıyev, Nizami Cəfərov, Ağamusa Axundov, "Elm" nəşriyyatının direktoru Şirindil Alışanov, Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin direktoru Nağıyev və s. adları var. Komissiyanın sədr müavinləri hələ müəyyənləşdirilməyib.

Sadıqova deyib ki, komissiyanın əsas fəaliyyət istiqamətləri müxtəlif sahələr üzrə terminoloji lüğətlər nəşr etmək, KİV-lərdə, dərsliklərdə terminlərin istifadəsinə nəzarət etmək və terminologiyanın nəzəri problemləri ilə bağlı tədqiqatlar keçirməkdir.

Sadıqova deyib ki, yeni tərkibli komissiyanın terminoloji mühitə nəzarət məqsədilə monitorinqlərə gələn ilin yanvar ayından başlayacağı gözlənilir:

"İlk növbədə müxtəlif sahələr üzrə bölmələr təşkil olunacaq. Bölmələr təşkil olunduqdan sonra monitorinq qrupu, işçi qrupu, məsul katib müəyyənləşəcək və bundan sonra komissiya işə başlayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə