Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fərqli baxış

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fərqli baxış

Çingiz Abdullayev: "Necə ola bilər ki, Azərbaycan vətəndaşı olan şəxslər Ermənistanın prezidenti olurlar"

"Beş ildə yeddi rəhbər dəyişən xalq dünya tarixində olmayıb. Əgər bir maşının beş ildə yeddi sürücüsü olsa, həmin maşın dağılar. Amma Heydər Əliyev gəlməsəydi, doğrudan dövlət dağılardı. İndi bu, daha çox sübut olunur". Bunu tanınmış Azərbaycan yazıçısı Çingiz Abdullayev ATV telekanalında yayımlanmış "Nə xəbər?" verilişinin qonağı olarkən deyib.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətə münasibət bildirən yazıçı Qarabağdan olan şəxslərin - Robert Köçəryanın və Serj Sarkisyanın Ermənistan prezidenti seçilmələri üzərində dayanıb. "Ermənilər deyirlər ki, Dağlıq Qarabağ müstəqil olmaq istəyirdi. O zaman sual yaranır: necə olur ki, guya Dağlıq Qarabağın müstəqilliyi uğrunda mübarizə aparan şəxslər Ermənistan prezidenti seçilirlər?", - deyən Ç.Abdullayevin qənaətincə, mövcud fakt Dağlıq Qarabağ və Ermənistan deyə bir-birindən fərqli şeylərin olmadığını isbatlamaqdadır. Bölgədə olan hərbi qüvvələr də Ermənistan qoşunlarıdır.

Ç.Abdullayev məsələnin Azərbaycan tərəfindən dünya ictimaiyyətinin diqqətinə yetərincə çatdırılmadığını, prosesə birbaşa mövcud kontekstdən də baxılmadığını vurğulayıb. Onun sözlərinə görə, Koçaryan, ardınca Sarkisyan Ermənistan prezidenti olanda ölkəmiz bu barədə müzakirə açmalı idi. "Necə ola bilər ki, Azərbaycan vətəndaşı olan şəxslər Ermənistanın prezidenti olurlar. Bu, məgər təcavüz deyil? Bu kimi faktlar Qarabağda baş verənlərin təcavüz olduğunun sübutu deyil?", - deyən tanınmış yazıçı fikrinə aydınlıq gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə