Bakı Metropoliteninin "Azadlıq" stansiyasının çıxışındakı parkda kiçik uşaqlar üçün nəzərdə tutulmuş əyləncə guşəsi var. Oradan hər keçəndə uşaqları gülərüzlə qarşılayan, səbrlə yelləncəklərə mindirən, onları bacardığı qədər sevindirməyə çalışan bir kişi həmişə diqqətimi cəlb edirdi.
Adətən, bu yaşda olan insanlar uşaqların səs-küyünə dözümsüz olurlar. Haray-həşiri, uşaq dəcəlliyinin yaratdığı problemləri "götürə" bilmirlər. Amma görünür, Qafar dayı işini çox sevir. Onunla söhbət əsnasında öyrəndim ki, artıq 17 ildir bu işlə məşğuldur.
"Uşaq uşaqlığını yaşamalıdır"
Əvvəllər ticarətlə məşğul olan Qafar dayı parkda işləməyə təsadüfən gəlib. Uşaq sevgisinin daxildən gəldiyini söyləyən Qafar dayı parka gələn uşaqlarla hətta gizlənpaç oynadığını da söyləyir: "Bəlkə də kənardan baxanlar mənim dəli olduğumu düşünürlər. Amma, mən uşaqları çox sevirəm. Uşaq uşaqlığını yaşamalıdır. Səs-küy salmalı, ərtafı dağıtmalıdır. Bircə bunu qəbul etməliyik ki, uşaq uşaq kimi davranmalıdır. Biz böyüklər də uşaq vaxtı dəcəl olmuşuq".
"Uşaqlar ikinci yelləncəyə minmək istəyəndə..."
İşlədiyi müddətdə bir çox valideyn və uşaq münasibətlərinin şahidi olan Qafar dayı bəzi valideynlərin mənfi cəhətindən danışır: "Elə valideynlər var ki, uşaqları ikinci dəfə yelləncəyə minmək istəyəndə onları döyürlər. Axı, uşaqlar bura əylənməyə gəlir. Əgər uşaq burdan narazı gedirsə, bu, mənə pis təsir edir. Elə vaxt olur valideyndən pul almıram, təki uşaq burdan razı getsin. Uşaqlar "pulum yoxdur" sözünü anlamırlar. Valideyn nə qədər desə də "yoxdur", onlar bunu başa düşməyəcəklər. Düzünü desəm, bu işlə elə də çox pul qazana bilmirəm".
"Məni qınayanlar var"
Məcburiyyət olmasa soyuq aylarda insanlar evdən heç çölə çıxmazlar. Amma Qafar dayı bu aylarda həm ara-sıra parka gələn uşaqları əyləndirir, həm də karusellərin təmiri ilə məşğul olur. Karuselləri rəngləmək ona xüsusi zövq verir. Hər karuselə qayğı ilə yanaşır. O, söyləyir ki, onu bu işdə qınayanlar da tapılır: "Məni qınayanlara fikir vermirəm. Kim nə deyir, özü bilər, işimi sevirəm. Uşaqlara olan məhəbbətim qıraqdan hiss olunduğuna görə, bunu mənə çox adam deyir".
Qafar dayı valideynlərə məsləhət verməyi də unutmur: "Valideynlər əllərindən gələni əsirgəməsinlər. Heç kimin uşaqlığı yaddan çıxmır. Qoy onlar böyüyəndə necə maraqlı uşaqlıq yaşadıqlarını ürəkdolusu danışa bilsinlər. Uşağı əyləndirmək üçün gətirdiyin parkdan ağladıb aparırsansa, onu gətirməsən yaxşıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə