Azərbaycanda botanika muzeyi

AMEA Botanika İnstitutunun direktoru Validə Əlizadə rəsmi dəvət əsasında Avstriyanın paytaxtı Vyanada olub. AMEA-dan SİA-ya verilən məlumata görə, səfərin məqsədi çox zəngin Herbari Fondu və dəyərli muzey eksponatları ilə tanışlıq, əməkdaşlıq perspektivlərinin müzakirə edilməsi olub.

V.Əlizadə Vyanada Təbiət Tarixi Muzeyinin (Avstriya) direktoru Christian Koeberl və bu təşkilatın Avropanın ən böyük herbari kolleksiyalarından birinə malik olan Botanika Departamentinin müdiri Ernst Vitek ilə görüşüb.

Görüşdə təcrübə və informasiyanın qarşılıqlı mübadiləsi əsasında biomüxtəlifliyin saxlanılmasına yönəldilən fəaliyyətin gücləndirilməsi və herbari kolleksiyasının tamamlanması, tədqiqatların, digitallaşmanın və Avropa məlumat bazasından istifadənin təşkil edilməsi, həmçinin gənc kadrların hazırlanması kimi mühüm məsələləri əhatə edən Əməkdaşlıq haqqında Memorandum imzalanmasına dair razılaşma əldə edilib. Planlaşdırılan Memorandum çərçivəsində həmçinin müştərək layihələrin həyata keçirilməsi, Azərbaycanda botanika muzeyinin yaradılmasında Avstriya təcrübəsinin innovativ aspektlərin tətbiq edilməsi və azərbaycanlı mütəxəssislərin botanika elminin yeni istiqamətləri üzrə təlim keçməsi üçün imkanların genişləndirilməsi də müzakirə edilib. Tərəflər iki ölkə arasında məhsuldar elmi əməkdaşlığa əmin olduqlarını bildirdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə