“Bölgələrdə qadın zorakılığı halları daha çoxdur” MÜNASİBƏT

“Bölgələrdə qadın zorakılığı halları daha çoxdur” MÜNASİBƏT

"Azərbaycanda gender bərabərliyi var və hüquqlar da qorunur. Ölkəmizdə qadınlara və kişilərə bərabər imkanlar yaradılıb. Hətta qadınlar üçün daha üstün imkanlar yaradılıb". SİA-nın məlumatına görə, bu fikirləri millət vəkili, Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" qanunun cəmiyyətimizdə kəsb etdiyi əhəmiyyətdən danışarkən deyib.

O bildirib ki, ölkəmizdə genderlə bağlı heç bir problem yoxdur: "Rast gəldiyimiz bəzi problemlərlər də sadəcə hər kəsin mədəniyyət səviyyəsinin müxtəlif formada olmasından irəli gəlir. Bu məsələdə yalnız kənd və rayon yerlərində olan bəzi qadınlar özləri təşəbbüs göstərmir. Təbii ki, bu da zamana bağlı məsələdir. Ancaq elə gənc qızlarımız var ki, onlar hazırda oğlanlarımızı üstələyirlər".

Elə qızlar var ki, hazırda Avropanın bir sıra tanınmış ölkələrində təhsillərini davam etdirir deyən sədr müavini: "Bununla yanaşı, həmin qızlarımız təhsil aldıqları ölkədə sənətlərinə görə yüksək vəzifədə çalışırlar. Bu da təbii ki, gender siyasətinin uğurlu nəticəsidir"- əlavə edib.

Musa Quliyev onu da qeyd edib ki, mətbuat sektorumuzda çalışanların demək olar ki, əksəriyyəti qadınlarımızdır: "Misal olaraq, 20 il bundan əvvəl qadınlarımızı yalnız səhiyyə və təhsil sahəsində görmək olardı. Ancaq indi qadınlarımız prezident idarəçiliyində, parlamentdə yüksək vəzifədə çalışırlar. Deməli vətəndaş cəmiyyətinin qurulmasında qadınlar öz töhfələrini verir və bunun üçün lazım olan hər bir şərait yaradılıb".

"Bəzi hallarda ola bilsin ki, məşiət zorakılığı ilə bağlı problemlər var. Bu problemlər xüsusi ilə də kənd yerlərində müşahidə olunur. Həmin ərazilərdə müəyyən qədər qadınlara qarşı məişət zorakılığı hallarına yol verilir. Bu səbəbdən də məsələ ilə bağlı müvafiq tədbirlər görülməlidir. Bu istiqamətdə işlər daimi olaraq davam etdirilir. Ancaq genderlə bağlı Azərbaycanda nə hüquqi, nə də praktiki müstəvidə heç bir problem yoxdur",- deyə millət vəkili bildirib.

Qanun çərçivəsində fəaliyyət göstərən mərkəzlərdə həyat yoldaşlarından ayrılan qadınların nə dərəcədə düzgün addım atmasına münasibət bildirən komitənin sədr müavini: "Həmin mərkəzlərdə çalışan qadınlar niyə də tövsiyyə verə bilməsinlər ki? Ayrılmış qadının bu məsələyə nə aidiyyatı ola bilər? Bu cür düşüncə ilə yaşamaq lazım deyil. Təəssüflər olsun ki, bu gün Azərbaycan reallığında fəal qadınların çoxunun ayrıldığını və ailə həyatlarının uğursuz olduğunun şahidi oluruq. Lakin bu keçici haldır. Xatırlayırsınızsa, ötən əsrin 20-30-cu illərində çadranın atılması kampaniyası başlayanda həmin qadınlar da eyni aqibətlə üzləşmişdilər. Onlara qarşı qardaşları, həyat yoldaşları və ya ataları tərəfindən zorakılıq tətbiq edilirdi. Bununla yanaşı, boşanma halları da baş verirdi. Ancaq cəmiyyətin irəli aparan və lokamativ rolunu oynayan məhz o hərəkatda öncül olan da məhz qadınlar olub. Bu da keçid mərhələsidir. Buna görə də düşünmürəm ki, qadınlar bu məsələdə hər hansı problemlə üzləşə biləcəklər",- əlavə edib.

Qeyd edək ki, "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" qanun cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsini, seksual qısnamaya yol verilməməsini, gender bərabərliyinin təmin edilməsi ilə bağlı dövlət siyasətinin əsas istiqamətləri və qanunda nəzərdə tutulan digər normaları tənzimləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə